Milli Məclis zabitlərin dinc dövrdə keçdiyi həqiqi hərbi xidmətin müddətinin 6 ay azaldılmasını nəzərdə tutan dəyişiklikləri birinci oxunuşda təsdiqləyib.
Bakıvaxtı.az bildirir ki, bu məqsədlə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” sənədə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif olunan dəyişikliklər parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Təklif olunan düzəlişlərə əsasən, ehtiyatdan müddətli xidmətə çağırılan və ya müqavilə əsasında könüllü olaraq həqiqi hərbi xidmətə başlayan zabitlərin dinc dövrdə xidmət müddəti 1 il müəyyən ediləcək. Hazırda bu müddət 1 il 6 aydır.
Layihədə həmçinin vurğulanır ki, müddətli həqiqi hərbi xidmətdə olarkən zabit hazırlığı kursunu uğurla başa vurub zabit kimi xidmətə könüllü keçən ali təhsilli müddətli hərbi qulluqçulara leytenant rütbəsi veriləcək.
Sənəd aparılan müzakirələrdən sonra səsverməyə çıxarılıb və ilk oxunuşda qəbul edilib.
Əli Hüseynov
Bakı 



