“Rəqəmsal platformalara qoşulmanın yaş həddinin qanunla tənzimlənməsi dünya təcrübəsi ilə uzlaşan zəruri addımdır”.
Bakıvaxtı.az-ın xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında çıxışı zamanı komitə sədri Zahid Oruc illi Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında bildirib.
Onun sözlərinə görə, uşaqların rəqəmsal mühitdə zərərli informasiyalardan qorunması istiqamətində indiyədək ardıcıl və sistemli addımlar atılıb. Müzakirəyə təqdim olunan qanun layihəsi mövcud siyasətin davamı olmaqla yanaşı, bu sahədə yeni mərhələnin başlanğıcı hesab edilə bilər.
Komitə sədri qeyd edib ki, texnologiyaların sürətli inkişafı nəticəsində rəqəmsal məkan artıq alternativ deyil, gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Sosial şəbəkələr təhsil, ünsiyyət və məlumat mübadiləsi baxımından geniş imkanlar yaratsa da, uşaqların təhlükəsizliyi ilə bağlı ciddi risklər də formalaşdırır.
Z.Oruc bildirib ki, bir sıra ölkələrdə uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yaş məhdudiyyətləri və valideyn nəzarəti mexanizmləri tətbiq olunur. Bu baxımdan o, Avstraliya, Fransa və İspaniya təcrübəsini nümunə göstərib. Deputat vurğulayıb ki, beynəlxalq statistika sosial media asılılığı, onlayn istismar və kibertəhlükələrə qarşı daha təsirli tənzimləmə mexanizmlərinin vacibliyini ortaya qoyur.
Onun sözlərinə görə, Azərbaycanda aparılan araşdırmalar da uşaqlar arasında smartfon və sosial media istifadəsinin yüksək səviyyədə olduğunu göstərir. Bu səbəbdən qanun layihəsinin əsas məqsədi uşaqların rəqəmsal məkanda hüquqlarının qorunması, təhlükəsiz internet mühitinin formalaşdırılması və valideyn məsuliyyətinin artırılmasıdır.
Zeynəb Rzayeva
Bakı 



