• Bakı 18° C

    1.88 m/s

Zəifləmiş BMT: Qurumda islahatların aparılmasına nə mane olur?

SİYASƏT

14 Noyabr 2023 | 10:03 | Müəllif: Qalib İbrahimoğlu

Zəifləmiş BMT: Qurumda islahatların aparılmasına nə mane olur?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT və digər beynəlxalq təşkilatların fəaliyyətini tənqid atəşinə tutub. Ərdoğan BMT daha funksional etmək və məhv olmaqdan xilas etmək üçün ciddi islahatlara ehtiyacı olduğunu bildirib.

Türkiyə prezidenti bildirib ki, BMT-də islahatlar aparılmalı və onun ədalətsiz strukturu dəyişdirilməlidir: “O, daha funksional olmalı və hətta sanksiyaların gücü də daxil olmaqla, çəkindirmə qabiliyyətinə malik olmalıdır. Bu, son nəticədə BMT-nin parçalanmasının və yoxa çıxmasının qarşısını almaq üçün lazımdır".

Ərdoğan qeyd edib ki, Yaxın Şərq münaqişəsindən nümunə götürərək, hamı bir daha əmin oldu ki, BMT və digər beynəlxalq təşkilatlar fəaliyyət göstərmir və müsəlmanlar öldürüləndə kor olur: “Mən həmişə demişəm və bundan sonra da deyəcəyəm ki, dünya sistemi ədalətsizdir, beynəlxalq təşkilatlar gücün maraqlarına xidmət edir, dünya nizamını yalnız beş ölkənin maraqlarına uyğun istiqamətləndirirlər”.

Politoloq Turab Rzayev Bakıvaxtı.az-a açıqlamasında deyib ki, BMT-nin zəiflədiyi, hər hansı məsələ barəsində qərar verməkdə çətinlik çəkməsi, verdiyi qərarların icra mexanizmlərinin olmaması ortadadır.

Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan haqlı olaraq açıq şəkildə şikayət edir ki, BMT bir sıra proseslərdə təsirli rol oynaya, yekdil qərar qəbul edə bilmir: "Bəzi Qərb ölkələri öz xüsusi imtiyazlarından istifadə edərək qərarlara veto qoyurlar. Hətta qərar verilmiş məsələlərlə bağlı yekunda heç bir nəticə olmur. Qarabağ məsələsində nəticə olmadığı kimi İsrail-Fələstin qarşıdurmasında da heç bir nəticə hasil olmadı. Dünyanın müxtəlif bölgələrində yaşanan münaqişələrlə bağlı BMT-nin hansısa qərarının icra edildiyinin şahidi olmamışıq. Ərdoğan məhz bu səbəbdən BMT-nin strukturunun, tərkibinin dəyişdirilməsini, daha effektiv mexanizmlə idarə olunmasını istəyir. Həm də BMT obyektiv, ədalətli davranmallı, geniş təmsilçilik imkanlarına sahib olmalıdır. Bu qurumun yanaşması bütün ölkələri əhatə etməlidir. Halbuki BMT-nin daimi şurasında müsəlman ölkəsi, eyni zamanda Afrika və Latın Amerikası ölkəsi yoxdur. Qoşulmama Hərəkatının üzvləri də təşkilatda zəif mövqedə təmsil olunurlar. Həmçinin, Almaniya və Yaponiya da İkinci dünya müharibəsinə görə, təmsil oluna bilmirlər. Ona görə də ədalətli təmsilçilik prinsipi yoxdur".

Turab Rzayev: BMT bir sıra proseslərdə təsirli rol oynaya, yekdil qərar qəbul edə bilmir

Analitikə görə, paradoks ondan ibarətdir ki, BMT-də struktur islahatları, icra və idarəetmə mexanizmlərinin dəyişdirilməsi üzv ölkələrin səsverməsi, ümumi razılaşma şəklində mümkündü: "Şübhəsiz ki, belə olan halda veto hüququna malik dövlətlər dərhal hərəkətə keçəcəklər. Məsələn, təklif olunan hansısa mexanizm ABŞ, Fransa, Çin, yaxud Rusiyanın maraqlarına uyğun gəlməsə, bunu rədd edəcəklər. Bu da BMT-də islahatların aparılmasına mane olacaq. O baxımdan qurumda müəyyən islahatların reallaşmasının özü çətin prosesdir. Əgər güclü müxalifət və etiraz formalaşarsa, digər ölkələrin də səsini eşitməyə məcbur olarlar. Ancaq indiki halda BMT-nin tezliklə transformasiya ediləcəyinə, yeni icra mexanizminin formalaşacağına inanmıram".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Oktyabr 2026