• Bakı 24° C

    12.29 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.2041

Zelenskinin Ankara mesajları: NATO yeni müdafiə strategiyasına keçir?

DÜNYA

07 Iyul 2026 | 17:40

Zelenskinin Ankara mesajları: NATO yeni müdafiə strategiyasına keçir?

Ukrayna Prezidenti Volodimir Zelenskinin Ankarada keçirilən NATO-nun 36-cı Zirvə Toplantısı çərçivəsində verdiyi mesajlar göstərir ki, Kiyev artıq təkcə hərbi yardım istəyən ölkə kimi deyil, NATO-nun gələcək təhlükəsizlik konsepsiyasının formalaşmasında iştirak edən tərəf kimi çıxış etməyə çalışır.

Zelenskinin “Ukrayna NATO-ya məxsusdur” ifadəsi də məhz bu yanaşmanın siyasi mesajı idi. Bu bəyanat Ukraynanın Alyansa formal üzvlüyündən daha çox, onun Avropa təhlükəsizlik sisteminin ayrılmaz hissəsinə çevrildiyini göstərmək məqsədi daşıyır.

Diqqət çəkən məqamlardan biri Zelenskinin müdafiə sənayesinə xüsusi önəm verməsi oldu. O, Patriot hava hücumundan müdafiə sistemlərinin istehsalının sürətləndirilməsini və bu texnologiyaların Avropa ölkələrində də istehsal edilməsini vacib hesab etdiyini bildirdi. Əslində bu çağırış NATO-nun yeni təhlükəsizlik fəlsəfəsini əks etdirir. Alyans artıq yalnız mövcud silah ehtiyatlarına güvənmək deyil, uzunmüddətli müdafiə sənayesi potensialını artırmaq istiqamətində hərəkət edir. Bu baxımdan Ukrayna müharibəsi NATO üçün həm də hərbi sənayenin yenidən qurulması prosesinə çevrilib.

Zelenskinin Rusiyanın strateji üstünlüyünü itirdiyi barədə fikirləri də diqqət çəkdi. O, Ukraynanın uzaqmənzilli pilotsuz uçuş aparatlarının Rusiyanın enerji və hərbi infrastrukturuna zərbələr endirdiyini vurğuladı. Bu açıqlamalar informasiya müharibəsinin də bir hissəsidir. Kiyev bununla həm Ukrayna cəmiyyətinə, həm də Qərb müttəfiqlərinə göstərmək istəyir ki, ayrılan hərbi və maliyyə dəstəyi real nəticələr verir və Ukrayna müdafiə ilə yanaşı, Rusiyanın strateji imkanlarını da zəiflətmək gücünə malikdir.

Bununla yanaşı, Zelenskinin səsləndirdiyi rəqəmlərə ehtiyatla yanaşmaq lazımdır. Müharibə şəraitində həm Ukrayna, həm də Rusiya itkilər və döyüş nəticələri ilə bağlı məlumatları öz mövqelərinə uyğun təqdim edirlər. Müstəqil mənbələr tərəfindən bütün statistik göstəriciləri operativ şəkildə təsdiqləmək mümkün olmur. Buna görə də bu cür bəyanatlar daha çox siyasi və psixoloji təsir elementi kimi də qiymətləndirilə bilər.

Ankara Zirvəsinin daha bir mühüm tərəfi ondan ibarətdir ki, burada Ukrayna məsələsi yalnız müharibənin gedişi prizmasından deyil, Avropanın gələcək təhlükəsizlik modeli baxımından müzakirə olunur. Ballistik raket təhlükəsi, hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, pilotsuz uçuş aparatlarının müharibələrdə artan rolu və müdafiə sənayesinin inkişafı artıq NATO-nun uzunmüddətli strateji planlaşdırmasının əsas istiqamətlərinə çevrilir.

Nəticə etibarilə, Zelenskinin Ankaradakı çıxışı göstərir ki, Ukrayna artıq təkcə cəbhədə deyil, siyasi və strateji müstəvidə də mövqeyini möhkəmləndirməyə çalışır. NATO isə bu müharibədən əldə olunan təcrübəni gələcəyin təhlükəsizlik konsepsiyasına inteqrasiya etməyə hazırlaşır. Bu baxımdan Ankara Zirvəsi yalnız Ukraynaya dəstək platforması deyil, həm də Avro-Atlantik məkanın yeni müdafiə strategiyasının konturlarının müəyyənləşdirildiyi mühüm siyasi mərhələ kimi qiymətləndirilə bilər.

Ruslan Zəngəzur


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR