İsrail-Livan sərhədində son günlər baş verən hadisələr bölgədə nisbi sakitliyin uzunmüddətli olmayacağını bir daha göstərdi. Cənubi Livanda iki israilli hərbçinin həlak olması və bunun ardınca İsrail ordusunun Livanın cənubuna hava zərbələri endirməsi gərginliyi yenidən yüksəldib.
Hadisələr ABŞ vasitəçiliyi ilə Romada keçirilən İsrail–Livan danışıqları fonunda baş verdiyi üçün diplomatik prosesə də ciddi zərbə vurub.
Mövcud vəziyyət göstərir ki, tərəflər arasında əldə olunmuş atəşkəs son dərəcə kövrəkdir. İsrail təhlükəsizliyinə təhdid hesab etdiyi istənilən fəaliyyəti hərbi əməliyyatlarla cavablandıracağını bəyan edir. Digər tərəfdən, Livan daxilində “Hizbullah”ın silahlı potensialı və ölkənin cənubunda təsir imkanları rəsmi Beyrutun təhlükəsizlik üzərində tam nəzarət qurmasını çətinləşdirir. Bu isə istənilən lokal insidentin qısa müddətdə daha geniş qarşıdurmaya çevrilməsi riskini artırır.
Diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, İsrailin cavab əməliyyatları yalnız hərbi xarakter daşımır, həm də siyasi mesaj verir. Tel-Əviv göstərməyə çalışır ki, sərhəddə təhlükəsizlik təmin olunmayınca ordunun Livanın cənubundakı əməliyyatları davam edə bilər. Bu yanaşma isə Livan hökumətini beynəlxalq vasitəçilərlə əməkdaşlığı sürətləndirməyə və silahlı qrupların fəaliyyətinə nəzarəti gücləndirməyə sövq edir. Lakin ölkənin mürəkkəb daxili siyasi vəziyyəti belə addımların həyata keçirilməsini çətinləşdirir.
Digər mühüm amil regional geosiyasi mənzərədir. İsrail-Livan xəttində baş verən hər bir eskalasiya İran amili ilə sıx bağlı qiymətləndirilir. “Hizbullah”ın İran tərəfindən dəstəklənməsi səbəbindən sərhəddə baş verən toqquşmalar təkcə iki ölkə arasındakı problem kimi deyil, daha geniş regional qarşıdurmanın tərkib hissəsi kimi qəbul edilir. ABŞ və Avropa ölkələrinin diplomatik səyləri də məhz bu səbəbdən yalnız Livanı deyil, ümumi Yaxın Şərq təhlükəsizlik arxitekturasını sabitləşdirməyə yönəlib.
Hazırda Romada davam edən danışıqların əsas məqsədi İsrail qoşunlarının mərhələli şəkildə geri çəkilməsi, sərhəd təhlükəsizliyinin təmin olunması və Livan ordusunun bölgədə rolunun artırılmasıdır. Lakin son hərbi insidentlər göstərir ki, tərəflər arasında etimad son dərəcə zəifdir. Diplomatik kanallar açıq qalsa da, hərbi əməliyyatların təkrarlanması danışıqların nəticə verməsini daha da çətinləşdirə bilər.
Yaxın perspektivdə tammiqyaslı müharibə qaçılmaz görünməsə də, lokal toqquşmaların davam etməsi ehtimalı yüksəkdir. Ən böyük risk isə təsadüfi bir insidentin və ya yanlış hesablamanın sürətli eskalasiyaya səbəb olmasıdır. Belə bir ssenari yalnız İsrail və Livan üçün deyil, həm də İran, ABŞ və digər regional aktorların maraqlarına toxunacağı üçün Yaxın Şərqdə yeni təhlükəsizlik böhranının yaranmasına gətirib çıxara bilər. Buna görə də yaxın həftələrdə diplomatik prosesin taleyi bölgənin ümumi sabitliyi baxımından həlledici əhəmiyyət daşıyacaq.
Ruslan Zəngəzur
Bakı 



