ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına təxminən 5 milyard dollar dəyərində Birgə Birbaşa Hücum Sursatı (JDAM-ER) sistemlərinin satışını təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb.
Təchizat Səudiyyə Ərəbistanının mövcud və gələcək təhdidlərə qarşı qabiliyyətini gücləndirməli, silahlı qüvvələrin döyüş hazırlığını artırmalı və Amerika bölmələri ilə birgə əməliyyatlar apararkən onların daha effektiv qarşılıqlı fəaliyyətini təmin etməlidir.
JDAM-ER-in baş podratçısı Amerikanın “Boinq” şirkəti olacaq. Bundan əlavə, Dövlət Departamenti Səudiyyə Ərəbistanına 750 milyon dollara AGT-150 mühərriklərinin satışını da təsdiqləyib. Onların təchizatçısı “Honeywell” olacaq.
Səudiyyə Ərəbistanı ilə bağlanan müqavilədən əlavə, Vaşinqton regiondakı dövlətlərlə daha iki potensial müqaviləni də təsdiqləyib.
Oman təxminən 188 milyon dollara F-16 qırıcıları üçün texniki xidmət və döyüş hazırlığı xidmətləri ala bilər.
İraq “Bell 412EPX” helikopterlərinin 150 milyon dollara satışına icazə alıb.
Beləliklə, ABŞ bir daha bir neçə Yaxın Şərq ölkəsi ilə hərbi əməkdaşlığı genişləndirərək, ümumi dəyəri təxminən 6,1 milyard dollar olan potensial müqavilələri təsdiqləyib.




