Prezident İlham Əliyevin dünənki çıxışında Zəngəzur dəhlizinin açılması ilə bağlı səsləndirdiyi fikirlər regionda yeni geosiyasi reallıqları əks etdirir.
Bu fikirlər Azərbaycanın strateji maraqlarını daha da gücləndirən bir çağırış olaraq diqqət çəkir. "Dəhliz açılmalıdır. Biz Naxçıvana başqa yollarla da getməliyik" deyən İlham Əliyev Azərbaycan üçün bu layihənin yalnız iqtisadi və logistik əhəmiyyətini deyil, həm də siyasi və təhlükəsizlik baxımından nə qədər vacib olduğunu bir daha vurğuladı. Ölkə başçısının fikrindən bu nəticəyə gəlmək olar ki, Zəngəzur dəhlizinin açılması təkcə Naxçıvanın logistik əlaqələrini gücləndirməklə yanaşı, ərazidə yaranan yeni infrastruktur imkanlarının regionda stabillik və inkişafın təminatına çevrilməsi baxımından mühüm bir addımdır.
Zəngəzur dəhlizinin açılması regionda hansı geosiyasi dəyişikliklərə səbəb ola bilər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, ölkə başçısının verdiyi müsahibə nəinki Zəngəzur mövzusunda, digər siyasi əhəmiyyətli mövzularda da mühüm əhəmiyyət kəsb edir:
"Çıxışın əsas istiqaməti elə Zəngəzur dəhlizi nüansı idi. Biz bu barədə danışarkən ilk olaraq sözügedən dəhlizin açılmamasını istəyən qüvvələri müəyyən etməliyik. Məlumdur ki, bu addımın atılmasına İran, Ermənistan və onların havadarları əngəl olmağa çalışır. Ümumiyyətlə, Qarabağ məsələsi başladığı andan bəri onların əsas məqsədi türk dövlətlərinin arasında heç bir quru sərhədinin açılmaması idi. Bu gün Zəngəzur dəhlizi açılsa, Naxçıvana birbaşa gedən yol, həmçinin, Türkiyə ilə quru sərhədinin fəaliyyətə başlayacağı məlumdur. Ermənistan ciddi-cəhdlə bu istiqamətdə atılan addımları gecikdirməyə çalışır. Çünki, imzalanan kapitulyasiya aktında da Zəngəzur dəhlizinin fəaliyyətinin Naxçıvan və Azərbaycan arasında müsbət tendensiyaya gətirib çıxaracağı bəlli olurdu. Hər bir halda, hələ də qaragüruhçu erməni qüvvələri dəhlizə nəzarəti özlərində saxlamağa can atır".
Arzu Nağıyev: Rəsmi İrəvan hələ də öz havadarlarına güvənir
Arzu Nağıyev diqqətə çatdırıb ki, İlham Əliyevin verdiyi mesaj ondan ibarətdir ki, bu addımın atılması tək Ermənistanın istəyi ilə deyil:
"Rəsmi İrəvan hələ də öz havadarlarına güvənir. Onlar ümidlidir ki, Rusiyanın oranı qoruması mümkün olacaq, Azərbaycanın icazəsi ilə bu dəhlizdən logistik məqsədlərlə istifadə edə biləcək. Buna görə də, ermənilər çalışdılar ki, Zəngəzuru gömrük və yaxud sərhəd sistemi kimi istifadə etsinlər. Fərqinə vardılar ki, bu versiya alınan deyil".
Zəngəzur dəhlizinin hansı formada geri qaytarılması ilə bağlı suala isə komitə sədri cavabında bildirib ki, addımların atılması üçün diplomatik mexanizmlər işə düşməlidir:
"Diplomatik qaydada müxtəlif yollardan istifadə edərək Zəngəzur dəhlizi ilə bağlı ciddi adımlar atmaq olar. Məsələn, İran hökuməti ilə danışıqlar apararaq Zəngəzur dəhlizi ilə bağlı fərqindəlik yaratmaq lazımdır. Türkiyə faktoru da bu mövzuda xüsusi əhəmiyyət kəsb edir. Naxçıvanla öz aramızda olan logistik prosesləri özümüz həyata keçirməliyik. Çünki, istər sərnişindaşıma məsələlərində, istərsə də digər yükdaşımaları zamanı onlar bizim nəqliyyat vasitələrimizi istənilən formada yoxlaya bilirlər, məkrli siyasətini göstərməyə çalışırlar. Hər kəs bilməlidir ki, biz bu səpkidə olan addımlarımızı sülh yolu ilə həll etmək istəyirik. Onsuz da bu hamıya bəllidir".
Son olaraq A.Nağıyev vurğulayıb ki, artıq Azərbaycanın bu mövzuda səbr kasası daşmaq üzrədir. Siyasi xadimin fikrincə, bu mövzuda ultimatumun verilməsi dəhlizin açılması ilə bağlı konkret addımların atılmasına işarədir:
"Bu gün Ermənistan mediası Azərbaycanın yeni müharibəyə hazırlaşması ilə bağlı müxtəlif məlumatlar tirajlayır, öz ağıllarınca anonslar verirlər. Ölkəmizin başçısı da çıxışında qeyd etdi ki, artıq beynəlxalq hüquq yox, beynəlxalq güc öz sözünü deyir. Lakin onlar Zəngəzur dəhlizi prosesini həll etməlidirlər ki, güc yolu ilə həlletmə prosesi baş tutmasın".
Əli Hüseynov