“Sözün doğrusu o vaxtdan bəri, 35 ildir, ölkəmiz elə addımlar atır ki, həmin faciələr, hadisələr təkrarlanmır”.
Bunu Bakıvaxtı.az-a müsahibəsində “Ayna”-“Zerkalo” qəzetlərinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin (AJB) sədri Elçin Şıxlı deyib.
Onun sözlərinə görə, 1990-cı ildə Azərbaycan müstəqil deyildi, ölkəmizin silahlı qüvvələri yox idi.
“Heç bir ölkə öz vətəndaşının üstünə ordu göndərməz, bunu ancaq ruslar edə bilərdilər və etdilər” deyən E.Şıxlı qeyd edib ki, onlar imperiyadır, “hamı birdir, hamı eynidir, hamının hüquqları bərabərdir” kimi yalançı şüarlarla başımızı qatırdılar:
“Amma heç də elə deyildi. Biz canlı şahidi olmuşuq. Onların müəyyən ali məktəbləri vardı ki, “5-ci qrafa” deyilirdi, milliyyətlərə baxırdılar və bizi yaxın qoymurdular. Tək-tük adamlar, təsadüfən ora düşə bilirdilər”.
Elçin Şıxlı: 20 Yanvar qanlı və faciəli tarixdir, amma 20 Yanvar həm də qürur yerimizdir
Müsahibimiz vurğulayıb ki, indi məsələlər tamam başqa cürdür, Azərbaycan tamam müstəqildir, Azərbaycanın öz yolu var, Azərbaycan artıq Cənubi Qafqazda ən qabaqcıl ölkədir. Yalnız Cənubi Qafqazda deyil, Türk dünyasında da ölkəmizin çəkisi böyükdür. Respublikamız tamam başqa şəraitdədir. Artıq heç kim əliyalın insanların üstünə toplu-tüfəngli gələ bilməz. Biz artıq özümüzü qoruya bilirik:
“20 Yanvar qanlı və faciəli tarixdir, amma 20 Yanvar həm də qürur yerimizdir. Bu hadisələr zamanı şəhid olanlar bizim qəhrəmanlardır. Onların hamısı Milli Qəhrəman adına layiqdirlər, çünki müstəqilliyimiz və bugünkü günümüzün təməlini onların rəşadəti qoydu”.
“Bu, bir millətin birliyi, yenilməzliyi və böyüklüyündən xəbər verir. 20 Yanvar faciəsinin ertəsi günü şəhidlərimizin dəfnində milyonlarla insan şəhidlərə axın edirdi. Ruhları şad olsun”- deyə Elçin Şıxlı əlavə edib.
Aydın Baxış