2025-ci il ərzində İspaniyaya çatmağa çalışan minlərlə miqrant dənizdə həyatını itirib.
Bakıvaxtı.az xarici mənbəyə istinadla xəbər verir ki, miqrant hüquqlarını müdafiə edən Caminando Fronteras təşkilatının hesabatına əsasən, yanvar ayından 15 dekabr 2025-ci ilədək İspaniyaya dəniz yolu ilə çatmağa çalışan 3 090 nəfər boğularaq ölüb. Ölənlər arasında 192 qadın və 437 uşaq var.
Hesabatda qeyd olunur ki, miqrant ölümlərinin sayı ötən illə müqayisədə azalsa da, bu hal sərhəd nəzarətinin sərtləşməsi nəticəsində insanların daha təhlükəli marşrutlara yönəlməsi ilə izah olunur. İl ərzində 303 gəmi qəzası qeydə alınıb, 70-ə yaxın qayıq isə itkin düşüb.
Ən ölümcül marşrut Şimali Afrikadan Kanar adalarına uzanan Atlantik yolu olub. Bu xətt üzrə 1 906 miqrant həyatını itirib. Əlcəzair-Balear adaları marşrutunda isə 1 037 ölüm qeydə alınıb. Bundan başqa, Qvineyadan Kanar adalarına doğru yeni və uzun məsafəli marşrutun yarandığı bildirilir.
İspaniyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, 2025-ci ildə ölkəyə 35 935 qeyri-qanuni miqrant daxil olub ki, bu da 2024-cü illə müqayisədə kəskin azalma deməkdir. Azalmanın əsas səbəblərindən biri miqrantların əsas çıxış nöqtələrindən sayılan Mavritaniyada sərt nəzarət tədbirlərinin gücləndirilməsidir.
Bununla yanaşı, Human Rights Watch Mavritaniyada miqrantlara qarşı zorakılıq və işgəncə hallarının mövcudluğu ilə bağlı hesabat yayıb. Rəsmi qurumlar isə bu iddiaları qəbul etmir.
Qeyd edək ki, QHT hesabatında xilasetmə əməliyyatlarının gecikməsi və dənizdə insan həyatının qorunması üçün siyasi iradənin yetərli olmaması da tənqid edilir.
Zeynəb Rzayeva
Bakı 




