• Bakı 14° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

40 məmurumuza SANKSİYA TƏLƏBİ: Konqres belə bir sarsaqlığı qəbul edərsə...

SİYASƏT

23 Aprel 2024 | 17:06

40 məmurumuza SANKSİYA TƏLƏBİ: Konqres belə bir sarsaqlığı qəbul edərsə...

 Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxardıqdan və Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə etdikdən sonra ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib.

Bakıvaxtı.az xəbər verir ki. bu barədə QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy "Facebook" hesabında yazıb.

Onun sözlərinə görə, layihənin qəbul edilib-edilməməsi ayrı mövzudur. Ancaq təqdim edilən siyahıda əsasən hərbçilərdir. General Hikmət Mirzəyevin və DTX rəhbəri Əli Nağıyevin adını siyahının başına yazdıqları deyilir:

"İndi bu addım Azərbaycan xalqının ABŞ-a yanaşmasında növbəti ciddi neqativ deməkdir! Üstəlik, general Hikmət Mirzəyev müdafiə nazirinin müavinidir. ABŞ ilə NATO-nun Azərbaycanla müdafiə sahəsində əməkdaşlıq etmək istədiyi bilinən şeydir. Bir yandan Azərbaycan ilə əməkdaşlıq istəyib, digər tərəfdən Azərbaycan Ordusunun xalq arasında ən çox sevilən və ordunu NATO standartlarına çatdırmaq üçün ən çox cəhd göstərən generallarından birini və Ordunu faktiki idarə edən müxtəlif yüksək rütbəli zabitləri qara siyahıya almaq cəhdi nə deməkdir axı?! Siyahıda adı olan bir digər mühüm şəxs DTX rəhbəri general Əli Nağıyevdir. General Nağıyev isə Azərbaycanda Rusiya və İran agentura şəbəkələrinə qarşı uğurlu əməliyyatları ilə bilinən milli təhlükəsizlik qurumunun rəhbəridir. Onu bu siyahıya salmaq həm də ABŞ ilə Azərbaycan arasında təhlükəsizlik əməkdaşlığı imkanlarına ciddi zərbə vurmaq deməkdir! Qısaca, ABŞ Azərbaycan siyasətində öz ayağına güllə sıxmağa davam edir”.

Qeyd edək ki, bu layihə erməni lobbisinin Azərbaycana qarşı 24 aprel öncəsi uğursuz cəhdidir və layihənin Konqresdə dəstəklənmə ehtimalı çox azdır.

Professor Cümşüd Nuriyev Bakıvaxtı.az-a açıqlamasında deyib ki, bəhs edilən siyahıda Prezident Aparatının rəhbəri, şöbə müdiri, Müdafiə Nazirliyinin 6-7 generalının da adları var.

Professorun sözlərinə görə, torpaqlarımızın, Qarabağın işğaldan azad edilməsində, separatçılığın məhv olunmasında, bu işlərin təşkilatçılığında iştirak etmiş şəxslərin adı həmin siyahıda yer alıb:

"Siyahını erməni lobbisinin əlində olan qüvvələr onlara veriblər. Generallarımız - Hikmət Mirzəyev, Əli Nağıyev və digərlərinin adlarının siyahıda olması ABŞ-nin, Konqresin iç üzünü açdı. ABŞ kimi hegemon bir dövlət erməni lobbisinin əlində siyasi oyuncağa çevrilib. Bunu ABŞ-yə yaraşdırmadım”.

Cümşüd Nuriyev: Hətta siyahıda Ramiz Mehdiyevin adı olsa, onu da müdafiə edəcəm

Müsahibimiz qeyd edib ki, ABŞ Konqresinin belə bir məsələni gündəmə gətirməsi Ağ Evin zəifliyinə dəlalət edir. Onun sözlərinə görə, siyahıda hərbçilərin olması və məlumatın Prezidentin Rusiya səfərindən və saxta erməni "soyqırımı"ndan bir gün qabaq gündəmə gəlməsi nonsensdir:

“Özünə hörmət edən, demokratiyadan danışan bir dövlət belə bir addım atmazdı, atılmasına mane olardı. Amma bunu etmirlərsə, deməli hər şey saxtadır. Əgər Konqres belə bir sarsaqlığı qəbul edərsə, siyahıda adı olan hər kəsin müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Hətta siyahıda Ramiz Mehdiyevin adı olsa, onu da müdafiə edəcəm. Çünki ortada Azərbaycana qarşı açıq-aşkar qərəz və düşmənçilik var".

Aydın Baxış


SON XƏBƏRLƏR

03 May 2024