ABŞ Dövlət Departamenti bu gün İranın neft məhsulları və neft-kimya məhsulları ilə ticarət edən yeddi şirkətə qarşı sanksiyalar tətbiq edib və iki gəmini bloklanmış əmlak kimi tanıyıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda qeyd olunub.
“Prezident, maksimum təzyiq kampaniyası çərçivəsində, İrandan, o cümlədən Çinə qeyri-qanuni neft və neft-kimya məhsulları ixracını sıfıra endirməyə qərarlıdır. Bu tədbirdə yüz milyonlarla dollar dəyərində olan İranın neft-kimya məhsullarının dörd satıcısı və bir alıcısı qeyd edilib”, – ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.
Bundan əlavə, bəyanatda qeyd olunub ki, Dövlət Departamenti milyonlarla barrel İran neft məhsullarının daşındığı təchizat zəncirində əsas rol oynayan bir dəniz daşımaları idarəetmə şirkətinə və bir İran yük nəzarəti şirkətinə qarşı da sanksiyalar tətbiq edib.
“Həmin dəniz daşımaları şirkətinin idarə etdiyi iki gəmi də bloklanmış əmlak hesab olunur. İran neft və neft-kimya satışından gəlir əldə edərək qeyri-sabitləşdirici fəaliyyətlərini və terrorçuluqla bağlı fəaliyyəti, eləcə də nümayəndələrini maliyyələşdirməyə cəhd etdiyi müddətcə, Birləşmiş Ştatlar həm İranı, həm də sanksiyalardan yayınmada iştirak edən tərəfdaşlarını məsuliyyətə cəlb etmək üçün tədbirlər görəcək. Bütün bu tədbirlər Prezidentin 13846 saylı İcra Sərəncamına, həmçinin Prezident Trampın ikinci Milli Təhlükəsizlik Memorandumuna əsasən həyata keçirilir”, – məlumatda bildirilir.