Ötən gecə ABŞ ordusu İrana qarşı bir həftədir dayandırılan hava zərbələrini bərpa edib. ABŞ Mərkəzi Komandanlığının X hesabında yer alan məlumata förə, “ABŞ qüvvələrinə raket hücumu cəhdinə cavab olaraq” İrana böyük bir zərbə dalğası endirilib.
Komandanın məlumatına görə, ABŞ qüvvələri İrandakı İslam İnqilabı Keşikçiləri Korpusunun onlarla hədəfinə, o cümlədən “hərbi komandanlıq məntəqələrinə, raket və pilotsuz təyyarə sahələrinə, sahil müşahidə və müdafiə obyektlərinə və dəniz aktivlərinə” zərbə endirib. İranın dövlət televiziyası isə ABŞ qüvvələrinin İranın cənub-qərbindəki Abadan şəhərinə, Bəndər Abbas limanına və Hörmüz boğazındakı üç adaya raket zərbələri endirdiyinə dair məlumat yayıb. Bildirilir ki, xüsusilə, Hörmüz boğazında yerləşən Əbu Musa, Kiş və Qeşm adaları hədəf alınıb.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Natiq Miri deyib ki, ABŞ və İsrail danışıqlar vasitəsi ilə İranı öz şərtlərinə razı salmağa çalışsalar da, bunun baş verəcəyi az ehtimaldır.
Onun sözlərinə görə, hərbi variant ən ciddi seçim olaraq masadadır:
“Məqsəd İranın yeni tikilən nüvə obyekti və ona yaxın digər nüvə mərkəzlərinin tamamilə məhv edilməsidir. Bundan başqa bütün nəqliyyat kommunikasiyaları, xüsusən körpülər və enerji sistemləri ciddi şəkildə zərbə ala bilər. ABŞ-nin artıq quru əməliyyatlarının yolu açılacaq. Elə iki həftəlik plan da daha çox buna xidmət edir”.

Natiq Miri: ABŞ və İsrail İranı öz şərtlərinə razı salmağa çalışsalar da, bunun baş verəcəyi az ehtimaldır
Müsahibimiz qeyd edib ki, hazırda ABŞ və İran arasındakı danışıqlarda çox böyük qeyri-müəyyənlik mövcuddur. Natiq Mirinin dediyinə görə, ABŞ prezidenti Donald Trampın administrasiyasında İranla bağlı konkret hansı addımların atılacağı bəlli deyil:
“Yəni ortada ciddi həll planı yoxdur. Üç variant əsas götürülür. Bunlardan biri qarşılılıqlı güzəştləri özündə ehtiva edən bir razılaşmadır. Amma bu, az ehtimal olunan variantdır.
Digər variant uzunmüddətli sanksiyalar və dəniz blokası kontekstində İran iqtisadiyyatının çökdürülməsinə hesablanan təzyiq metodudur. Bu da çox uzun zaman aparacaq yoldur.
Üçüncüsü isə hərbi əməliyyatlardır”.
Aydın Baxış
Bakı 



