Mərkəzi Asiya və Qafqaz son vaxtlar ABŞ-nin diqqətini cəlb edir. Bu barədə “Washington Times” yazıb.
Bakıvaxtı.az xəbər verir ki, məqalənin müəllifi Frederik Starr Amerika Xarici Siyasət Şurasında Avrasiya üzrə tanınmış tədqiqatçıdır. Məqalədə bildirilib ki, hər iki bölgənin ölkələri uzun sürən Rusiya hökmranlığının irsindən imtina ediblər. Amma buna baxmayaraq, Rusiya lideri Vladimir Putin və tükənmiş rus şovinistləri hələ də bu bölgələri “Moskvanın müstəsna imtiyaz zonasının bir hissəsi” hesab edirlər.
Məqalədə qeyd olunub ki, Sovet İttifaqının dağılmasından sonra ABŞ Mərkəzi Asiya və Qafqaza böyük ölçüdə maraq göstərməyib.
Nəşrin iddiasına görə, Mərkəzi Asiyada Amerika investisiyalarının artması və ABŞ Prezidenti Donald Trampın Azərbaycanla Ermənistan arasında gərgin münaqişənin həllində oynadığı rola görə Ağ Ev rəhbərinin regiona səfəri üçün əlverişli məqamdır.
Politoloq Turab Rzayev Bakıvaxtı.az-a açıqlamasında ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqaza, Azərbaycan və Ermənistana səfərinin mümkün ehtimal olduğunu deyib.
Ekspert vurğulayıb ki, Trampın fəaliyyəti həddindən artıq aktivdir:
"Tramp bir çox ölkəyə, regionlara səfərlər edir və səfər etdiyi ölkələrdə, regionla bağlı gördüyü işlərdən, nail olduğu sülh anlaşmalarından danışır. ABŞ prezidentinin son günlərdə dəfələrlə vurğuladığı məsələlərdən biri Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasına nail olmasıdır. Tramp hər fürsətdə tərəflər arasında 30 ildən artıq davam edən münaqişəyə son qoyduğunu vurğulayır. Ona görə də mümkündür ki, yekun sülh müqaviləsi imzalandıqdan sonra həqiqətən də Tramp Cənubi Qafqaz ölkələrinə səfər etsin və sülh birlikdə qeyd olunsun. Tamamilə mümkünür”.
Turab Rzayev, politoloq
Müsahibimiz qeyd edib ki, həmçinin, buradan Mərkəzi Asiya regionuna səfər ehtimalı da yüksəkdir. Dediyinə görə, Vaşinqton Türküstan bölgəsi ilə əməkdaşlıqda maraqlıdır.
“Trampın Mərkəzi Asiyaya səfəri Özbəkistan-Tacikistan arasında, yaxud Qırğızıstan-Tacikistan münasibətlərində normallaşmaya da yol aça bilər", - deyə Turab Rzayev əlavə edib.
Aydın Baxış