• Bakı C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

ABŞ-nin dirijorluq cəhdləri Rusiyanı təşvişə salır: Sülh əldə edilərsə, region ölkələri...

SİYASƏT

30 Sentyabr 2024 | 16:10

ABŞ-nin dirijorluq cəhdləri Rusiyanı təşvişə salır: Sülh əldə edilərsə, region ölkələri...

Prezidentin köməkçisi Hikmət Hacıyev İtaliyanın aparıcı mətbu orqanlarından olan “La Repubblica” qəzetinə müsahibəsində Ermənistanla Azərbaycan arasında sülh prosesindən bəhs edib.

Bakıvaxtı.az-ın məlumatına görə, o, bəzi Qərb ölkələrinin erməni revanşizmini qızışdırdığını bildirib.

H.Hacıyev sülhə həmişəkindən daha yaxın olduğumuzu desə də, qarşıda duran maneələri də istisna etməyib. Prezidentin köməkçisinin sözlərinə görə, əsas maneə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan Ermənistan konstitusiyasıdır:

"Onun preambulası erməni dilində Qarabağın Azərbaycan ərazilərinin Ermənistana “birləşdirilməsi” mənasını verən “Miatsum” sözü yazılan müstəqillik bəyannaməsinə istinad edir".

Hikmət Hacıyev vurğulayıb ki, sülh müqaviləsi kağız parçası deyil:

"Ermənistanda heç kimin bir daha Azərbaycana qarşı regionda sülhü təhdid edən revanşizmə əl atmayacağına zəmanət olmalıdır. Ona görə də erməni xalqının revanşizmdən, Qarabağ iddialarından əl çəkdiyi və mümkün sülh müqaviləsini gələcəkdəki Ermənistan hökumətlərinin revizionizmindən qoruyacaq referenduma ehtiyacı var".

H.Hacıyev vurğulayıb ki, Ermənistanın hərbiləşdirilməsi də məsuliyyətli və mütənasib olmalıdır:

"İrəvan Fransadan uzaqmənzilli raketlər və artilleriya sistemləri alır və bununla da yenidən Azərbaycan şəhərlərinə hücum edə bilər. Ermənistan üçün ən yaxşı həll yolu Azərbaycanın təhlükəsizliyini təhdid edən hərbi ittifaqlar yox, neytrallıq olardı".

Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov Bakıvaxtı.az-a deyib ki, sülhün əldə edilməsinə mane olan faktorlar əsasən xarici faktorlardır.

Siyasi şərhçisinin sözlərinə görə, hazırda Avropa yox, ABŞ rəsmilərinin mövqeyi regionda barışığın daha çox lehinədir:

"Rusiya rəsmiləri isə ABŞ-nin dirijorluq etmək cəhdlərindən dərhal təşvişə düşür. Moskva idarəetmə pultunu Kremlin nəzarətindən kənara çıxmamasına çalışır. Sülh müqaviləsi imzalanması üçün müzakirələrə könülsüz yanaşma heç cür anlaşılan deyil”.

Həsrət Rüstəmov: 

Müsahibimiz bildirib ki, uzunmüddətli müharibə vəziyyətindən ən çox əziyyət çəkən tərəf olaraq Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez imzalanmasına çalışır:

“Əslində isə sülh, əmin-amanlıq regiondakı bütün ölkələr üçün vacibdir. Sülh əldə edilərsə, region ölkələri silahlanmaya ciddi ehtiyac duymaz. Çalışarlar ki, həmin vəsaitlər xalqların rifahına yönəldilsin".

Aydın Baxış


SON XƏBƏRLƏR