• Bakı C

    1.6 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.1063

ABŞ sülhün qorunmasında maraqlıdırsa, ayrıseçkiliyə yol verməməlidir- ŞƏRH

SİYASƏT

06 Yanvar 2026 | 15:54

ABŞ sülhün qorunmasında maraqlıdırsa, ayrıseçkiliyə yol verməməlidir- ŞƏRH

907-ci düzəliş Azərbaycan-ABŞ münasibətlərində uzun illərdir ki, mübahisə predmetidir.

Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bu düzəlişin qəbul edildiyi dövrdə Azərbaycanın ərazilərinin işğal altında olduğunu, Ermənistanın blokadada olması iddialarının isə reallığı əks etdirmədiyini vurğulayıb. Dövlət başçısı 907-ci düzəlişi Azərbaycana qarşı açıq ədalətsizlik kimi qiymətləndirib.

907-ci düzəlişin ləğvi ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Azad Məsiyev bildirib ki, işğalçı ölkənin Ermənistan olmasına baxmayaraq, ABŞ 1992-ci ildə 907-ci düzəlişi Azərbaycana şamil edərək ölkəmizə təzyiqlər göstərdi.

Politoloqun fikrincə, Azərbaycanla bağlı bu maddənin qəbulu Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərbə vurdu. O bildirib ki, ABŞ-də erməni lobbisi çox fəaldır və erməni lobbisinin təsirində olan müəyyən konqresmenlər, senatorlar var idi. Amma bu o demək deyil ki, Amerika dövlətini erməni lobbisi idarə edir:

"ABŞ-nin regionda öz strateji maraqları var idi və bu maraqları həyata keçirmək istəyirdi. 907-ci maddəni tətbiq etməklə Azərbaycana təzyiq göstərilir, Azərbaycan güzəştə getməyə məcbur edilirdi. Amma buna baxmayaraq, Azərbaycan xalqı və Azərbaycan dövləti Amerikanın bu qərarına məhəl qoymadı və işğalçılara qarşı mübarizəsini daim davam etdirdi".

Ekspert hesab edir ki, həmin dövrdə Qarabağdakı separatçılara Birləşmiş Ştatlar tərəfindən birbaşa maliyyə yardımı ayrılırdı. Bu isə ədalətsiz idi və ümumilikdə Qərbin Azərbaycana qarşı nümayiş etdirdiyi ədalətsiz münasibətin göstəricisi idi:

"Nəticə etibarilə Azərbaycan xalqı dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında torpaqlarını işğaldan azad etdi. Artıq Ermənistan blokadada deyil. Azərbaycan Prezidentinin göstərişi ilə Ermənistana taxıl ixracı həyata keçirildi, yəni Qazaxıstanın və Rusiyanın taxılı Azərbaycan üzərindən Ermənistana daşındı. Eyni zamanda Azərbaycan yanacağı Ermənistana satıldı, ölkəmiz sülh təşəbbüsü ilə çıxış etdi və Ermənistan-Azərbaycan arasında nəqliyyat infrastrukturunun açılması ilə bağlı təkliflər irəli sürdü".

Müsahibimiz deyir ki, Ermənistan-Azərbaycan arasında heç bir problem qalmayıb. Belə olan halda, 907-ci maddənin fəaliyyətinin dayandırılması ideal olaraq doğru addımdır. Problem ondadır ki, bu maddə hələ tam ləğv edilməyib. Dolayısıyla, onu gündəmdə saxlamaqla gələcəkdə Azərbaycana qarşı yenidən təzyiq alətinə çevirmək mümkündür.

Azad Məsiyev: Bu gün hələ də Qərbin Azərbaycana qarşı müəyyən təzyiqləri mövcuddur

Politoloqun sözlərinə görə, bu gün ABŞ Prezidenti Tramp ilə Azərbaycan Prezidenti arasında dostluq münasibətləri və qarşılıqlı hörmət mövcuddur. Təbii ki, 907-ci maddənin fəaliyyətinin dayandırılması bu baxımdan xüsusi önəm daşıyır və iki dövlət başçısının bir-birinə münasibətindən qaynaqlanır.

"Amma sabah Tramp olmaya, yenidən demokratlar hakimiyyətə gələ, bu halda isə bu maddə yenidən tətbiq edilə bilər. Bu isə Azərbaycan-ABŞ münasibətlərinə ciddi xələl gətirə bilər.

Hesab edirəm ki, bu məsələ köklü şəkildə həll edilməlidir ki, Azərbaycan-Amerika münasibətlərinə ziyan dəyməsin. Gələcəkdə ABŞ-də sağlam düşünən beyin mərkəzlərinin bu məsələni gündəmdən çıxaracağına və regionda sülhün, təhlükəsizliyin köklü şəkildə bərqərar olunmasına doğru addımlar atılacağına ümid edirəm".

Azad Məsiyev bildirir ki, bu gün hələ də Qərbin Azərbaycana qarşı müəyyən təzyiqləri mövcuddur. Amerikanın Cənubi Qafqazda daha qlobal maraqları var. Bu maddənin saxlanılması gələcəkdə yenidən Azərbaycana qarşı təzyiq mexanizmi kimi istifadə oluna bilər. Ümumilikdə, 907-ci maddənin gündəmdə saxlanılması Azərbaycan-Amerika münasibətlərinə xələl gətirir:

"Hesab edirəm ki, bu məsələ ümumilikdə 907-ci maddənin tam şəkildə gündəmdən çıxarılması ilə həll olunmalıdır. Əgər Birləşmiş Ştatlar Cənubi Qafqazda sülhün və ədalətin bərqərar olunmasında maraqlıdırsa, region ölkələrinə münasibət bərabər müstəvidə olmalıdır. Ermənistan və Azərbaycan arasında ayrı-seçkiliyə yol verilməməlidir. Bu maddənin saxlanılması isə onu göstərir ki, demokratlar yenidən hakimiyyətə gələrsə, 907-ci maddə yenidən istifadə oluna bilər. Bu isə açıq-aşkar ədalətsizlikdir".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR