"Ermənistan tərəfi artıq çox gözəl dərk edir ki, Azərbaycanla güc dilində danışmaq olmaz"
Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, erməni rəsmilərin əksəriyyəti bəyan edib ki, Azərbaycan Ordusu ilə rəqabətə girmək mənasızdır:
“Ötən ilin avqustun Vaşinqtonda keçirilən görüşlərdən sonra İrəvan hökuməti sülh prosesində daha fəaldır. Əgər proseslər fərqli məcrada cərəyan edərsə, məsələn, Nikol Paşinyanın komandası iyunun 7-də keçiriləcək parlament seçkisini uduzarsa, revanşistlər hakimiyyətə gələrsə, yaxud kənar güclərin müdaxiləsi ilə çevriliş olarsa, təbii ki, sülh prosesi dayana, hərbi eskalasiya riski gündəmə gələ bilər. Ən azından ritorika dəyişə bilər. Yəni hər hansı kəskin addımlar yenə də Ermənistan tərəfindən gözlənilir. Çünki Azərbaycan əlində çox böyük güc olmasına baxmayaraq, Bakı daim sülh yolunu tutub, sülhü təşviq edib”.

Naqif Həmzəyev: Ermənistan sülhün yeganə qurtuluş yolu olduğunu dərk edir
Deputat bəyan edib ki, Azərbaycan öz məqsədlərinə çatıb. Dediyinə görə. torpaqlarımızın işğalına son qoymuşuq, suverenliyimizi bərpa etmişik və sülhün bərqərar olması üçün bütün imkanlarımızı səfərbər etmişik.
N.Həmzəyev vurğulayıb ki, gec də olsa Ermənistan tərəfi sülhün yeganə qurtuluş yolu olduğunu dərk etməyə başlayıb:
“İndi bütün məsuliyyət İrəvan hökumətinin üzərinə düşür. Ermənistan siyasi rəhbərliyi və erməni cəmiyyəti sülhü pozacaq addımlara qətiyyən yol verməməlidir. Hansısa xoşagəlməz addım, müharibə ritorikası Ermənistanın öz ziyanına işləyəcək”.
Aydən Baxış
Bakı 




