“Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın Əbu-Dabidəki görüşü olduqca əhəmiyyətlidir”.
Bunu politoloq Polad Mehdiyev Bakıvaxtı.az-a açıqlamasında deyib.
Ekspert bildirib ki, görüşün Əbu-Dabidə keçirilməsinin özü mühümdür:
“Bu, onu göstərir ki, vasitəçilərsiz, regionla bağlı marağı olmayan güclərdən kənar, ikitərəfli platformada Azərbaycanın təklif etdiyi kimi sülh quruculuğu prosesi gedir. Digər tərəfdən, biz artıq postmünaqişə dövründə Azərbaycan-Ermənistan arasında sülh gündəliyindən daha çox sülhün institusiollaşmasından, oturuşmasından danışırıq. Tərəflər qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün atılacaq addımların detallarını müzakirə edirlər”.
Politoloq qeyd edib ki, Azərbaycan Ermənistan tərəfində sülh niyyətini bəyan etmək üçün müxtəlif addımlar atıb. Dediyinə görə, Ermənistana daşınan yüklərin Azərbaycan ərazisindən keçməsinə şərait yaradılması, neft-qaz məhsullarının satışı və s. addımlar birbaşa sülh quruculuğuna yönəlib:
“Ən əsası isə ikitərəfli münasibətlərin dərinləşməsi regionu kənar qüvvələrin poliqonu olmaqdan xilas edib”.

Polad Mehdiyev: İkitərəfli münasibətlərin dərinləşməsi regionu kənar qüvvələrin poliqonu olmaqdan xilas edib
Siyasi şərhçi vurğulayıb ki, regionda sülh və sabitliyin olması hər iki dövlətin, hətta Cənubi Qafqazın üç ölkəsinin ümumi inkişafına xidmət edən, regiona kənar güclərin müdaxiləsini sıfıra endirən ən mühüm məqamdır:
“Bugünkü sülh platforması Azərbaycan tərəfindən irəli sürülüb. Bu platformanın siyasi-iqtisadi, hərbi və coğrafi baxımdan mərkəzi Azərbaycandır. Proseslər doğru istiqamətdə gedir. İnşallah, yaxın dönəmdə real sülhə nail olarıq”.
Aydın Baxış
Bakı 




