• Bakı C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1527

8000 patrul, 0 nəticə: Aİ-nin “durbin” missiyası regiondan getməlidir

SİYASƏT

12 Mart 2026 | 12:17

8000 patrul, 0 nəticə: Aİ-nin “durbin” missiyası regiondan getməlidir

Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımların atıldığı, sülh sazişinin paraflanması ilə bağlı xəbərlərin gündəmdə olduğu bir vaxtda regionda fəaliyyət göstərən Avropa İttifaqının müşahidə missiyası yenidən müzakirə mövzusuna çevrilib. Bu fonda Avropa İttifaqının müşahidəçilərinin Ermənistan-Azərbaycan sərhədində 8000-ci patrul missiyasını qeyd etməsi diqqət çəkib. Mövcud şəraitdə sülh prosesinin irəlilədiyi bir mərhələdə Avropa İttifaqının “durbin” kimi təqdim olunan müşahidə missiyasına ehtiyac olub-olmadığı sual doğurur.

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, bu missiyaya əvvəllər də ehtiyac yox idi, bundan belə də olmayacaq. Sadəcə, Avropa İttifaqı artıq bu məsələ ilə bağlı özü qərar verməlidir. Məlumdur ki, bu təşəbbüs Fransa Prezidenti Emmanuel Macron tərəfindən irəli sürülmüşdü. Bu isə Azərbaycanın 44 günlük müharibədə qələbə qazandığı və Ermənistanı ciddi şəkildə məğlub etdiyi dövrə təsadüf edirdi.

Politoloqun sözlərinə görə, həmin vaxt Azərbaycan bəyan etmişdi ki, müharibəni sonsuzadək davam etdirmək niyyətində deyil. Azərbaycanın Ermənistana qarşı ərazi iddiası yoxdur. Digər tərəfdən, müharibə zamanı Ermənistanın hərbi-texniki potensialının böyük hissəsi məhv edilmişdi. Azərbaycan üçün əsas məqsəd sülhün təmin olunması idi və Prezident İlham Əliyev Ermənistan tərəfinə sülh təklifini təqdim etmişdi:

"Hətta bildirilmişdi ki, Ermənistan istəsə, Azərbaycanın regionda yaratdığı infrastruktur və inteqrasiya layihələrinə qoşula bilər. Bu isə region üçün yeni imkanlar və üstünlüklər yarada bilərdi. Eyni zamanda Azərbaycan və Ermənistan arasında münasibətlərin bərpası hər iki xalq və dövlət üçün əhəmiyyətli faydalar gətirə bilərdi.

Lakin Ermənistan bu məsələlərdə tərəddüd nümayiş etdirdi. Ölkə müstəqil qərar verməkdə çətinlik çəkir, daha çox xarici dəstəyə arxalanmağa çalışırdı. Ermənistanın siyasətində xarici təsirlər açıq şəkildə hiss olunurdu. Hələ ki idarəçilik məsələsində xaricdən asılıdır".

Tofiq Abbasov: Həmin missiyanın rədd olub regiondan getməsi məqsədəuyğundur

T.Abbasov qeyd edib ki, məhz həmin dövrdə Praqada keçirilən Avropa Siyasi Birliyi sammitində Emmanuel Makron regionda Avropa İttifaqının iştirakını təmin etmək üçün yeni təşəbbüs irəli sürdü. Müharibə dövründə də Fransanın Azərbaycana qarşı müxtəlif addımlar atmağa çalışdığı xatırlanır. Hətta BMT-də Azərbaycan əleyhinə qətnamə qəbul etdirmək cəhdləri də olmuşdu. Lakin bu təşəbbüslər nəticə vermədi:

"Müharibədən sonra isə Avropa İttifaqının guya mülki müşahidə missiyasının regiona göndərilməsi ideyası irəli sürüldü. Plan belə idi ki, bu missiya həm Azərbaycanda, həm də Ermənistanda yerləşsin və prosesləri izləsin. Lakin prezident İlham Əliyev bu təklifi qətiyyətlə rədd etdi və bildirdi ki, missiya yalnız Ermənistan ərazisində yerləşə bilər, Azərbaycan ərazisində fəaliyyət göstərə bilməz.

Nəticədə bu təşəbbüs yarımçıq formada həyata keçirildi və missiya yalnız Ermənistan ərazisində yerləşdirildi. Vaxt keçdikcə missiyanın rəhbərliyi də bir neçə dəfə dəyişdirildi".

Müsahibimiz bildirib ki, bu missiyanın fəaliyyəti ciddi suallar doğurur:

"Çünki onların fəaliyyəti dövründə Ermənistan tərəfindən bir neçə dəfə təxribatlar törədilsə də, missiya buna açıq reaksiya vermədi. Azərbaycan isə bu hallara həm siyasi, həm də hüquqi qiymət verir. Belə olan halda sual yaranır: pozuntular göz önündə olduğu halda niyə adekvat reaksiya verilmir?

Azərbaycan anlayır ki, bəzi xarici qüvvələr ölkənin güclənməsini qəbul etmək istəmir və müxtəlif yollarla təzyiq göstərməyə çalışırlar. Lakin bu cəhdlər nəticə verməyəcək. Azərbaycan öz mövqeyində qətiyyətlidir və lazım gələrsə, milli maraqlarını qorumaq üçün bütün vasitələrdən istifadə edə bilər".

Ekspert vurğulayıb ki, Azərbaycanın məqsədi aydındır: regionda sülhün və təhlükəsizliyin təmin olunması, əməkdaşlığın və inteqrasiyanın gücləndirilməsi. Azərbaycan bu istiqamətdə hər zaman hazır olub və indi də hazırdır:

"Bu baxımdan, həmin missiyanın rədd olub regiondan getməsi məqsədəuyğundur".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

11 Mart 2026