Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Azərbaycanı regionun lideri, strateji tərəfdaş və sülh gündəliyinin memarı adlandırması Bakı-Brüssel münasibətlərində tamamilə yeni bir eranın başlanğıcıdır. Bu tarixi bəyanat Avropanın Cənubi Qafqaz siyasətində ciddi dönüş nöqtəsi və Bakının geosiyasi çəkisinin rəsmi etirafıdır.
Bəs bu addım Bakı-Brüssel münasibətlərində hansı yeni mərhələnin başlanğıcı hesab oluna bilər?
Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Xəyal Bəşirov bildirib ki, Azərbaycanın Cənubi Qafqazın aparıcı, lider dövləti olduğunu, eyni zamanda bölgədə sülh təşəbbüslərini irəli sürən əsas güc rolunu oynadığını hər zaman vurğulamışıq. Bu reallıq artıq beynəlxalq müstəvidə də qəbul olunur. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri və Bakının regional liderliyini şəxsən dilə gətirməsi, Avropadakı bəzi anti-Azərbaycan qüvvələrə və bu reallığı qəbul etmək istəməyən tərəflərə kəsərli bir cavab mesajı oldu:
"İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar və xüsusilə Rusiya-Ukrayna müharibəsinin başlaması Avropada ciddi enerji böhranı yaratdı. Belə bir şəraitdə Avropa İttifaqı vəziyyətdən çıxış yolu kimi məhz Azərbaycanın enerji resurslarına, xüsusən də təbii qazına üz tutdu. Xatırladaq ki, hələ 2022-ci ildə Ursula fon der Lyayen Bakıya səfər edərək Avropanın enerji təhlükəsizliyi naminə qaz ixracının artırılmasını xahiş etmiş və tərəflər arasında enerji sahəsində strateji tərəfdaşlığa dair memorandum imzalanmışdı. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, həmin sənəddən sonra Azərbaycanın Avropaya qaz ixracı 65 faiz artıb və bu coğrafiyanın miqyasını daha da genişləndirmək imkanlarımız var".
.jpg)
Xəyal Bəşirov: Aİ-nin 27 üzv dövlətindən 10-u məhz Azərbaycan qazını idxal edir
Politoloq qeyd edib ki, bu kontekstdə Avropa İttifaqının rəhbər şəxslərinin Bakıya ard-arda reallaşan səfərləri təsadüfi xarakter daşımır. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Komissarı Kaya Kallasın və nəhayət, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana gəlişi rəsmi Bakının artan qlobal nüfuzunun göstəricisidir. Lyayenin də ifadə etdiyi kimi, Azərbaycanın Avropa ilə Xəzəryanı ölkələr və Mərkəzi Asiya arasında strateji birləşdirici körpü rolunu oynaması Brüsselin birbaşa diqqət mərkəzindədir:
"Bu tərəfdaşlıq hər iki tərəfin iqtisadi maraqlarına tam cavab verir. Təsadüfi deyil ki, Aİ-nin 27 üzv dövlətindən 10-u məhz Azərbaycan qazını idxal edir. Azərbaycan Avropanın Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşıdır - Aİ-nin regiondakı ümumi ticarət dövriyyəsinin 70 faizi məhz ölkəmizin payına düşür. Eyni zamanda, Azərbaycanın xarici ticarət dövriyyəsinin 40 faizi Avropa İttifaqı ilə bağlıdır".
Müsahibimiz bildirib ki, Bakının bütün dünya dövlətlərinə və beynəlxalq təşkilatlara təklif etdiyi bərabərhüquqlu əməkdaşlıq, qarşılıqlı hörmət və maraqların qorunması prinsipləri Avropa tərəfindən də tam qəbul olunur. Son səfər həm Azərbaycanın enerji və iqtisadi siyasətinin uğurunu bəyan etdi, həm də Avropa Komissiyasının regiondakı sülh prosesinə rəsmi dəstəyini nümayiş etdirdi. Şübhəsiz ki, qarşılıqlı maraqlara xidmət edən bu strateji yaxınlaşma regionun gələcək xəritəsini formalaşdıran tarixi bir mərhələdir.
Zeynəb Rzayeva
Bakı 



