Son illərdə Qusarçay hövzəsində palçıq-sel axınlarının intensivliyi artıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-a Coğrafiya İnstitutunun Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, İnstitutun Geomorfologiya və təbii risklər şöbəsinin müdiri Tarixazər Stara noyabrın 7-9-də Qusarçay hövzəsində kompleks tədqiqat işləri aparıb və son illərdə Qusarçay hövzəsində palçıq-sel axınlarının intensivliyinin artdığını qeydə alıb:
"Bu ilin sentyabrın 22-də Qusar rayonunun Laza kəndi yaxınlığında, Qoşaşəlalə ərazisində leysan yağışları nəticəsində güclü palçıq-sel hadisəsi baş vermiş, nəticədə kənd yollarına, kənd təsərrüfatı sahələrinə və digər obyektlərə zərər dəyib".
T.Stara bildirib ki, Qusarçay hövzəsində sel hadisələrinin qarşısının alınması məqsədilə meşə-bərpa tədbirlərinin gücləndirilməsi, yamaclarda antropogen yüklənmənin azaldılması və hidrotexniki qurğuların möhkəmləndirilməsi mühüm əhəmiyyət kəsb edir:
"Tədqiqatın məqsədi son illərdə fəallaşan sel hadisələrinin yaranma səbəblərini, onların coğrafi şəraitlə və antropogen təsirləri ilə əlaqəsini öyrənməkdir".
Qeyd edək ki, Qusarçayın mənbəyi 3780 metr yüksəklikdə, sel hadisələrinin əsas ocaqları isə 2500 metr və daha yuxarı yüksəkliklərdə yerləşir. Bu zonalarda son illər dağ-çəmən bitki örtüyünün məhv edilməsi müşahidə olunur ki, bu da torpaq örtüyünün sabitliyini azaldaraq sel riskini artırır.
Bakı 



