1994-cü ilin soyuq fevral ayı idi. Qardaş Türkiyə Respublikasında təhsil alırdıq. Prezident Heydər Əliyev Türkiyənin o zamankı prezidenti Süleyman Dəmirəlin dəvəti ilə böyük bir nümayəndə heyəti ilə Türkiyəyə səfər etmişdi. Heyət əvvəlcə Ankaraya getmişdi.
Daha sonra məlum oldu ki, Prezident İstanbul Swiss Oteldə Türkiyədə yaşayan azərbaycanlı iş adamları və tələbələrlə görüşəcək. Bu səbəbdən konsulluq tərəfindən mindən çox tələbə arasından görüşdə iştirak etmək üçün beş nəfər tələbə seçilmişdi. O siyahıda mənim də adım var idi.
Biz tələbə yoldaşlarımızla birlikdə oteldə idik. Çox həyəcanlıydım. Bir qədər sonra xarizmatik lideri, dövlət xadimini, natiq siyasətçini, cəsur bir Azərbaycan Türkünü - Sovetlər Birliyinin ən yüksək postlarından birini tutmuş bu böyük şəxsiyyəti - yaxından görəcəkdim.
Görüş başladı. Kürsüdə böyük şairimiz Bəxtiyar Vahabzadə də əyləşmişdi. Prezident çıxış etdikdən sonra sual-cavab hissəsi oldu və toplantının rəsmi hissəsi başa çatdı. Biz tələbə yoldaşlarımızla otelin foyesində dayanmışdıq. Onlardan birinin anası xəstə idi. Tələbələrimizin çoxu kimi o da sadə və kasıb bir ailənin övladı idi. Maddi imkanı olmadığından anasını görmək üçün Azərbaycana getməkdə çətinlik çəkirdi.
Ulu Öndər foyedə gəzirdi və ona yaxınlaşanlarla səmimi şəkildə söhbətləşirdi. Mən də istəyirdim yaxınlaşım, həm danışım, həm də dostumun problemini deyim. Amma çəkinirdim: “Bəlkə mənə cavab verməz?” - deyə fikirləşirdim.
Nəhayət, cəsarət toplayıb yaxınlaşdım. Bir qədər utancaq şəkildə: “Salam, cənab Prezident!”, - dedim.
Mavi, nurlu gözlərini mənə tuşlayaraq dedi:
- Buyur, oğlum!
Sonra qaşlarını çatıb soruşdu:
- Nə işlə məşğulsunuz?
- “Tələbəyik, cənab Prezident.
Əlini kürəyimə vurub:
- “Çox gözəl. Siz bizim gələcəyimizsiniz. Nə probleminiz var?”, - deyəndə onun səmimiliyi mənə böyük cəsarət verdi.
Ürəklənib davam etdim:
-Cənab Prezident, tələbə yoldaşımızın anası ağır xəstədir. O, anasını görmək istəyir. Olar mı, sizin təyyarə ilə biz də Bakıya gedək?
“Əlbəttə olar!”, - dedi və dərhal Həsən Həsənovu səslədi.
Həsən Həsənov yaxınlaşıb: “Buyurun, Cənab Prezident” deyəndə Heydər Əliyev: “Bu tələbələri nümayəndə heyətinin tərkibinə yazın. Biz nə qədər buradayıqsa, bütün tədbirlərdə bizimlə iştirak etsinlər” dedi.
Həsən Həsənov: “Baş üstə!” deyib ayrıldı.
Heydər Əliyev bizə dönərək dedi:
-Sizlər burada Azərbaycanın elçilərisiniz. Çalışqan olun, öz sahənizdə fərqlənin. Azərbaycanda sizə böyük ehtiyac var.
Biz isə:
- Oldu, Cənab Prezident! Bizə göstərdiyiniz qayğıya görə təşəkkür edirik!, - deyib sağollaşdıq.
Adlarımız protokola daxil edildi. Ertəsi gün İstanbulda keçirilən bütün tədbirlərdə iştirak etdik və həmin gecə Prezidentin təyyarəsi ilə Bakıya qayıtdıq. Təyyarədə Xalq şairi, həmvətənimiz İlyas Tapdıqla da tanış oldum və söhbətləşdim. Tələbə yoldaşım isə Heydər Əliyevin humanistliyi sayəsində rayonda yaşayan anasını ziyarət edə bildi.
Sonrakı illərdə Prezidentin tapşırığı ilə Təhsil Nazirliyi xətti ilə Türkiyədə təhsil alan bütün tələbələrə yay tətili üçün ildə bir dəfə təyyarə bileti pulsuz edildi.
Bəli, bu gün o cismən aramızda olmasa da, qoyub getdiyi dövlətçilik məktəbi hələ uzun illər gənclərimizə və idarəçilərimizə işıq tutacaq. Heydər Əliyevin əziz xatirəsi Türk milləti yaşadıqca daim yaşayacaqdır. O, yalnız Azərbaycanın deyil, bütövlükdə Türk dövlətçilik tarixinin ən böyük şəxsiyyətlərindən biridir.
Əbədiyyata qovuşduğu bu gündə dahi şəxsiyyəti dərin hörmət və ehtiramla anırıq.
Ruhun şad olsun, Ulu Öndər!
Bakı 



