Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycan və Ermənistan parlamentariləri arasında geniştərkibli görüşün keçirilə biləcəyini istisna etməyib.
Bakıvaxtı.az xəbər verir ki, o bu məsələni Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə müzakirə edəcəyini deyib. Simonyan vurğulayıb ki, təmaslar üçün bütün beynəlxalq platformalardan istifadə etməyə çalışırlar:
"Azərbaycanlı həmkarım da bu təmasların məntiqi ilə bağlı müsbət fikirdədir. Hələlik heç bir söhbət olmasa da, İstanbulda keçiriləcək Parlamentlərarası İttifaqın iclası çərçivəsində mənimlə Azərbaycan Milli Məclisinin sədri arasında görüşün olacağını güman edirəm. Artıq beynəlxalq kontekstdə olan istənilən formatda əlaqələrimizi genişləndirəcəyik".
Deputat Naqif Həmzəyev Bakıvaxtı.az-a deyib ki, Azərbaycan sülh gündəliyinə sadiqdir və Vaşinqton razılaşmalarından sonra biz sülhə daha yaxın olduğumuzu hiss edirik.
Lakin onun sözlərinə görə, istənilən halda unutmamalıyıq ki, Ermənistan tərəfi mütləq öz öhdəliklərini yerinə yetirməlidir:
"İrəvan hökuməti öz Konstitusiyasında dəyişiklik edərək Azərbaycana qarşı ərazi iddialarından tamamilə əl çəkməlidir. Eyni zamanda Vaşinqton razılaşmalarına əsasən Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı Ermənistan tərəfində real işlərə başlanılmalıdır və bu layihə tez bir zamanda həyata keçməlidir”.
Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri arasında görüş keçirildiyini xatırladan N.Həmzəyev bunun çox müsbət hal olduğunu vurğulayıb: “Bundan əvvəl parlament sədrləri və AŞPA çərçivəsində parlament nümayəndələri arasında da görüşlər baş tutmuşdu. Yaxın gələcəkdə parlament nümayəndələri arasında geniş tərkibdə görüşlərin keçirilməsi, eləcə də alimlər və yaradıcı insanlar arasında da bu cür görüşlərin təşkili mümkündür".

Naqif Həmzəyev: Uzunmüddətli, dayanıqlı sülh üçün xalqlar arasında münasibətləri normallaşdırmaq lazımdır
Həmsöhbətimiz qeyd edib ki, nəticə etibarilə, bütün bu proseslər xalqlar arasında sülhün bərqərar olunmasına xidmət edəcək:
"Çünki təkcə sülh sənədinin imzalanması ilə iş bitmir. Bu sənəddə xalqlar arasında münasibətlərin normallaşdırılması xüsusi yer tutur. Diplomatik əlaqələrin qurulması üçün də bu çox vacibdir. Uzunmüddətli, dayanıqlı sülh üçün xalqlar arasında münasibətləri normallaşdırmaq lazımdır. Bu, asan məsələ deyil, çünki uzun illərdir Ermənistan və erməni xalqı Azərbaycana və türklərə qarşı düşmənçilik ideologiyası ilə yetişdiriliblər. Bunu dəyişmək üçün Ermənistan ciddi addımlar atmalıdır və mən inanıram ki, Ermənistan bu proseslərdən doğru nəticə çıxaracaq, sülhə sadiq qalacaq və öhdəliklərini yerinə yetirəcək. Bütün bunlar baş verdikcə, biz tezliklə sülhə nail ola bilərik".
Aydın Baxış
Bakı 



