Fransanın xarici işlər naziri Jan-Noel Barrot, Böyük Britaniya və Fransanın rəhbərlik etdiyi "könüllülər koalisiyası"nın Ukraynada sülh əldə ediləcəyi təqdirdə bufer zonada kontingent yerləşdirib-yerləşdirməyəcəyi ilə bağlı sualı cavablandırmaqdan yayınıb.
Bakıvaxtı.az xəbər verir ki, "Radio Franceinfo"nun səhər verilişinin aparıcısının bu məsələ ilə bağlı sualından sonra nazir bildirib:
"Könüllülər koalisiyası" "misilsiz bir iş" görüb və Ukraynada "Ukrayna ordusunun yenidən qurulması və çəkindirmə qabiliyyətlərinin artırılması" planlarını müzakirə etmək üçün Avropa, Asiya və Şimali Amerikanın 30-dan çox ölkəsindən hərbi liderləri bir araya gətirib".
O əlavə edib ki, bu planlar hələ də müzakirə olunur və atəşkəs qüvvəyə mindikdən sonra yekunlaşdırılacaq.
Aparıcı nazirin cavabını başa düşmədiyini bildirib və Fransanın öz qoşunlarını bufer zonaya göndərməyə hazır olub-olmadığına dair aydın cavab istəyib. Nazir cavabında deyib: "Fransa hərbi qüvvələrin yerləşdirilməsi yolu ilə Avropa İttifaqı səviyyəsində təhlükəsizlik zəmanətləri üçün hərbi planlaşdırma ilə bağlı müzakirələrə sədrlik edir".
Zeynəb Rzayeva
Bakı 



