“ABŞ-nin Bayden administrasiyasının ermənipərəst mövqedə olması hamıya bəlli idi”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı deyib.
Onun spzlərinə görə, ABŞ-nin sabiq prezidenti Co Bayden bir neçə dəfə ermənilərin mövqeyindən çıxış edərək onları müdafiə etdiyini açıq-aşkar şəkildə nümayiş etdirmişdi:
"O cümlədən ilk dəfə "erməni soyqırımı" ifadəsini də işlədən məhz Bayden olmuşdu. Bayden administrasiyasının gedənayaq Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalaması göstərdi ki, ermənilər maksimum dərəcədə Baydenin erməni mövqeyindən maksimum istifadə etməyə çalışdılar”.
Müsahibimizə görə, amma nəzərə almaq lazımdır ki, ABŞ başqa bir çox ölkə ilə strateji əməkdaşlıq sazişləri imzalayıb:
“Sabah Azərbaycanla da bənzər sazişin imzalanması gündəmə gələ bilər. Ancaq bu o demək deyil ki, ABŞ birmənalı olaraq Cənubi Qafqazda əməkdaşlıq etmək üçün Ermənistanı seçmişdi. ABŞ-nin Cənubi Qafqazın güclü, aparıcı ölkəsi olan Azərbaycanla daha dərin əməkdaşlıq imkanları, əlaqələri mövcuddur. Çox güman ki, ABŞ-nin yeni rəhbəri Donald Tramp bunu doğru-düzgün dəyərləndirəcək. Vaşinqtonun praqmatik addımlar atması üçün aktiv siyasətini gözləyirik”.
Qafar Çaxmaqlı: Bir daha bəyan etdik ki, rəsmi Bakı bütün məsələlərin fərqindədir
“ Prezident İlham Əliyevin ABŞ rəsmisi ilə görüşdə Bayden administrasiyasını tənqid etməsi, narazılığını dilə gətirməsi təbii və yerindədir. Bir daha bəyan etdik ki, rəsmi Bakı bütün məsələlərin fərqindədir. Ümid edirik ki, yeni administrasiya bunları nəzərə almalıdır", - deyə Qafar Çaxmaqlı əlavə edib.
Qeyd edk ki, prezident İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşüb. Söhbət zamanı Azərbaycanda dini azadlıqların təmin olunduğu, müxtəlif xalqların və dinlərin nümayəndələrinin ölkəmizdə tarixən sülh, əmin-amanlıq və harmoniya şəraitində yaşamaları məmnunluqla vurğulanıb.
Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin Tramp dönəmində müsbət perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Dövlət başçısı bildirib ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib və bunun da nəticəsində ikitərəfli əlaqələrimiz böhrana sürüklənib.
Prezident İlham Əliyev 907-ci düzəlişin yenidən bərpasını məhz elə Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirib. Söhbət zamanı Azərbaycan ilə Tramp administrasiyası arasında gələcək əlaqələr məsələsi müzakirə olunub.
Aydın Baxış