"Avropa İttifaqı sənaye və enerji sektorlarını məhv edir və Avropa ölkələrini iqtisadi kollapsa aparır. Brüssel həmişə eyni sxem üzrə hərəkət edir. Düşüncəsiz qərarları ilə enerji böhranı yaradır, sonra isə özü yaratdığı fəlakətin qarşısını almaq üçün subsidiya ayırır. Avtomobilləri əlçatmaz edir, daha sonra nəqliyyat sektorunu dəstəkləmək üçün maliyyə yardımı təklif edir. Biznesi ağır vergilərlə sıxışdırır, amma eyni zamanda, məhv etdiyi sənaye sahələrinə kömək göstərəcəyini vəd edir".
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Çexiyanın ANO partiyasının lideri və keçmiş Baş nazir Andrey Babiş “Avropanın Vətənpərvərləri” fraksiyasına daxil olan sağ-mühafizəkar partiya liderlərinin görüşündə çıxışı zamanı səsləndirib.
Siyasətçinin fikrincə, Aİ rəhbərliyi nə iqtisadiyyata, nə insan fiziologiyasına, nə də Avropa xalqlarının taleyinə önəm verir: “Əlçatan və ucuz enerji iqtisadi artımın əsasını təşkil edir. Lakin Aİ və Berlin bizi iqtisadi kollaps uçurumuna və genişmiqyaslı elektrik kəsintilərinə sürükləyir. Almaniya atom enerjisindən və kömürdən imtina edərək günəş və külək enerjisinə üstünlük verdi. Nəticədə qış aylarında enerji böhranı ilə üzləşdi və elektrik enerjisini fantastik qiymətlərlə idxal etməyə məcbur oldu. Bu, siyasət deyil, bu, tamamilə məsuliyyətsiz bir yanaşmadır”.