"Bu gün Ermənistanın düşdüyü durum göstərir ki, mərkəzi hökumət sistemli yox, dah çox xaotik vəziyyətdə, spontan şəkildə idarəetmə həyata keçirir".
Bu barədə Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib.
Onun sözlərinə görə, Ermənistan rəsmilərinin, məsələn baş nazir, xarici işlər naziri və parlamentin spikerinin açıqlamalarına baxdıqda görürük ki, onların sülh danışıqları ilə bağlı fikirləri üst-üstə düşmür:
"Hamısı fərqli açıqlamalar verirlər. Bu, bizə ondan xəbər verir ki, Ermənistan daxilində siyasi qüvvələr fərqli mərkəzlərlə işləyirlər. Ona görə də milli maraqlara yox, daha çox xarici qüvvələrin maraqlarına xidmət edən addımlar atırlar. Qərb dövlətlərinin Ermənistan üzərində ciddi maraqları var və həmin maraqlar üzərindən Cənubi Qafqaz ölkələrini öz istəklərinə uyğun siyasət yürütməyə vadar edirlər”.
Müsahibimizə görə, digər məsələ odur ki, Ermənistan hökuməti faktiki böhran dövrünü yaşayır. Hökumət böhranı sadəcə hakimiyyətin istefası, genişmiqyaslı etiraz mitinqləri ilə olmur. Əgər hakimiyyətdə sisteml bir idarəetmə olsaydı, baş nazir, xazrici işlər naziri, parlament sədri bir-birinə zidd açıqlamalarla çıxış etməzdi. Hətta sərhədlərin delimitasiya və demarkasiya ilə bağlı da parlament sədri ilə baş nazir arasında fərqli yanaşmalar aydın görünür. Paşinyan prosesesi davam etdirməyə hazır olduqlarını deyir, amma mütəmadi fərqli dönəmin xəritələrini gündəmə gətirir, şərti sərhədlərdə mübahisə doğuracaq məqamları qeyd edirlər. Spiker Alen Simonyan isə deyir ki, bu işlə ancaq komissiyalar məşğul olmalıdır. Yəni müəyyən qədər yol qət edilmiş bir prosesdə belə fikir ayrılığına düşürlər".
Samir Hümbətov: Qərbin hədəfi regionda qalıcı sülh yox, qalıcı münaqişə saxlamaqdır
Həmsöhbətimiz vurğulayıb ki, Ermənistan hökuməti görüntüdə "monolit" görünməyə çalışa bilər. Ancaq hadisələrin içinə nüfuz etdikdə, aydın görünür ki, İrəvan hökuməti böhran içindədir:
"Ermənistan hökumətinin çoxvektorlu baxışları, kənardan aldığı təlimatlar Azərbaycanla sülh danışıqlarında konstruktiv mövqe ortaya qoymamasına gətirib çıxarır. Ümumiyyətlə, ortaya mövqe qoya bilmir. Ermənistan Fransadan, Hindistandan və digər ölkələrdən silahlar alır, hərbi əməkdaşlığı genişləndirir, təlimlər keçir. Ermənistan zamana oynayır. Hələ ki, sülh nağılları danışmağa davam edir, fürsət düşdüyü anda bölgəni qarışdırmağa yönəlmiş addımlar atmaqdan çəkinməyəcək. Qərb ölkələri üçün Cənubi Qafqazda sülhün olması vacib deyil. Onların əsas hədəfi regionda qalıcı sülh yox, qalıcı münaqişə saxlamaqdır. Münaqişəli vəziyyət qaldıqca həmin kənar dairələr Ermənistan üzərindən bölgədəki maraqlarını təmin edəcəklər".
Aydın Baxış