Naftalan şəhərində küçədə dalaşan müəllimlər barəsində tədbir görülüb.
Bakıvaxtı.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə Naftalan şəhəri, İ. Həsənzadə küçəsində baş verib.
Belə ki, Naftalan şəhər 2 saylı orta məktəbin müəllimi 1980-ci il təvəllüdlü S. Məmmədova (soyadlar şərtidir) ilə həmyaşıdı, Naftalan şəhər Musiqi Məktəbinin müəllimi A. Səfərova arasında küçədə mübahisə düşüb. Daha sonra sözlü mübahisə fiziki şiddətə çevrilib. Onlar bir-birlərinə zərbə endiriblər və yerə yıxılıblar.
Hər iki müəllim polisə şikayət etdikləri üçün onların barəsində protokol tərtib olunub.
Məlum olub ki, S. Məmmədova ilə A. Səfərova orta məktəbdə bir sinifdə oxuyublar. Lakin 2018-ci ildə onların münasibəti pisləşib. Hər iki şəxs bir-birini ünvanlarına xoşagəlməz ifadələr işlətməkdə ittiham edib. Hadisə vaxtı orta məktəb müəlliminin oğlu da onun yanında olub.
İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə tərtib edilmiş protokol Naftalan Şəhər Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə müəllimlər - S. Məmmədova 100, A. Səfərova isə 50 manat cərimə edilərək sərbəst buraxılıb.
Bakı 




