Gələn ildən Azərbaycanda banklarda əmanəti olan vətəndaşlar əldə etdikləri faiz gəlirindən gəlir vergisi ödəyəcəklər. Belə ki, vətəndaşların bir bankda milli valyutada yerləşdirdikləri depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatdan artıq olan hissəsi gəlir vergisinə cəlb ediləcək.
Bəs bu dəyişiklik bank əmanətlərinə marağı azalda bilər? İnsanlar vergidən yayınmaq üçün pullarını bankdan çıxarıb evdə saxlamağa, qızıla, valyutaya və ya daşınmaz əmlaka yönəldə bilərmi?
Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Bakıvaxtı.az-ın suallarını cavablandırıb.
Onun sözlərinə görə, əmanət faizlərinə vergi bankların depozit siyasətinə təsir göstərə bilər. Belə ki, manatla bank əmanətlərindən əldə olunan faiz gəlirlərinin müəyyən həddi aşan hissəsinin vergiyə cəlb edilməsi əmanətçilərin banklarda vəsait saxlamaq qərarlarına təsirsiz qalmayacaq:
"Bu məsələyə yalnız vətəndaşların əldə etdiyi faiz gəlirinin azalması kimi yanaşılmamalıdır. Çünki əmanətlər bank sektorunun əsas maliyyə mənbələrindən biridir və bu sahədə baş verən dəyişikliklər kredit bazarına, investisiya qərarlarına və ümumilikdə maliyyə resurslarının dövriyyəsinə təsir göstərə bilər. Aylıq faiz gəlirinin 200 manatı aşan hissəsinə vergi tətbiqi, ilk növbədə, daha yüksək məbləğdə əmanəti olan şəxslərin xalis gəlirliliyini azaldacaq. Məsələn, aylıq faiz gəliri 500 manat olan əmanətçi 200 manatdan artıq hissəyə 10 faiz vergi ödədikdə, onun aylıq gəliri 470 manat təşkil edəcək. Beləliklə, əmanətçinin əldə etdiyi nominal faizlə faktiki qazancı arasında fərq yaranacaq".

Vüqar Oruc: "Alternativlərin gəlirliliyi ilə bank əmanətlərinin xalis gəlirliliyi arasındakı fərq olacaq”
Eskpert hesab edir ki, əmanətçi üçün əsas məsələ bankın elan etdiyi faiz dərəcəsi deyil, bütün tutulmalar nəzərə alındıqdan sonra əldə etdiyi xalis gəlirdir. Bu gəlirlilik azaldıqda vətəndaş öz vəsaitini başqa investisiya vasitələrində yerləşdirməyin daha sərfəli olub-olmadığını düşünəcək.
"Qızıl, xarici valyuta və daşınmaz əmlak belə alternativlər sırasındadır. Lakin bunların hər birinin öz riski, likvidlik imkanları və əlavə xərcləri var. Ona görə də verginin tətbiqindən sonra əmanətlərin kütləvi şəkildə banklardan çıxarılacağını söyləmək doğru olmaz. Burada əsas göstərici alternativlərin gəlirliliyi ilə bank əmanətlərinin xalis gəlirliliyi arasındakı fərq olacaq”, – deyə iqtisadçı qeyd edib.
Ekspertin sözlərinə görə, məsələnin digər tərəfi bankların resurs bazası ilə bağlıdır. Əhalinin əmanətləri bankların kreditləşmə imkanlarını formalaşdıran mühüm mənbələrdəndir:
"Əgər vergi yükü nəticəsində manatla uzunmüddətli əmanətlərə maraq zəifləyərsə, banklar alternativ maliyyələşmə mənbələri axtarmalı və ya daha yüksək faizlə yeni depozitlər cəlb etməli ola bilərlər. Bu isə bankların maliyyələşmə xərclərini artıra, müəyyən hallarda kredit faizlərinə də təsir göstərə bilər. Vergi dəyişikliyinin real nəticələrini qiymətləndirərkən əmanətçilərin davranışı ilə yanaşı, bankların yeni şərtlərə necə reaksiya verəcəyini də nəzərə almaq lazımdır".
Müsahibimizin fikrincə, banklar əmanətçilərin marağını qorumaq üçün depozit faizlərini artırarsa, vergi yükünün bir hissəsi faktiki olaraq bankların maliyyə xərclərinə keçə bilər. Əks halda, xalis gəlirliliyin azalması bəzi əmanətçiləri alternativ yığım vasitələrinə yönəldə bilər.Bu baxımdan uzunmüddətli manat əmanətlərinin stimullaşdırılması vacibdir.
"Xüsusilə 18 ay və daha artıq müddətə yerləşdirilən əmanətlər üzrə vergi güzəştlərinin uzadılması məsələsinə yenidən baxılmasını məqsədəuyğun hesab edirəm. Çünki uzunmüddətli əmanətlər banklara daha sabit resurs təmin edir, maliyyə sistemində proqnozlaşdırıla bilənliyi artırır. Əhalinin manatla yığım aparmaq marağını qorumaq da iqtisadi siyasətin nəzərə almalı olduğu məsələlərdəndir. Yəni, vergi mexanizminin tətbiqində fiskal məqsədlərlə yanaşı, onun bank sektoruna və real iqtisadiyyata mümkün təsirləri də qiymətləndirilməlidir", – deyə AQC sədri vurğulayıb.
Vüqar Oruc qeyd edib ki, əmanətlərin bank sistemində qalması yalnız maliyyə təşkilatlarının deyil, kredit resurslarına ehtiyacı olan sahibkarların və vətəndaşların da maraqlarına uyğundur. Buna görə də uzunmüddətli manat əmanətlərini təşviq edən mexanizmlərin qorunması və vergi siyasətinin bu hədəflə uzlaşdırılması vacibdir.
Gülşən Şərif
















