Almaniyanın xarici işlər naziri Yohan Vadeful Azərbaycanda səfərdədir. Bakı ilə Berlin arasında artan əməkdaşlıq fonunda Almaniya iqtisadiyyatında yaşanan çətinliklər yenidən gündəmə gəlib.
Almaniyada iqtisadi və sosial sahədə cərəyan edən son proseslər fonunda ölkənin xarici işlər nazirinin Azərbaycana gəlməsinin səbəbi nə ilə bağlıdır?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi elmlər doktoru, Milli Aviasiya Akademiyasının dosenti Elnur Kəlbizadə bildirib ki, Almaniyada bir çox böyük alman şirkətlərinin, hətta "Benz", "Audi" kimi şirkətlərin son günlərdə ciddi iqtisadi çətinliklərlə bağlı açıqlamaları fonunda bu ölkənin xarici işlər nazirinin üz tutduğu ölkələrdən birinin məhz Azərbaycan olması maraq doğurur. Onun sözlərinə görə, 2022-ci ildən bəri yaranmış qlobal enerji böhranı fonunda bu ölkənin enerji tələb edən sənaye sahələri ciddi mənfi təsirlərə məruz qalıb. Xarici ticarət rəqabətində alman şirkətləri Çin və ABŞ tərəfindən ciddi şəkildə sıxışdırılıb:
"Xüsusən, Çinin elektromobillərə keçid sahəsində əldə etdiyi nailiyyətlər Alman istehsalçılarını bu sahədə çətin vəziyyətə salıb. Ölkədəki maliyyə qaydaları və borclarla bağlı müzakirələr güclənib. Tikinti və istehsalat sektorlarında 2014-cü ildən bəri ən böyük müflisləşmələr yaşanmaqdadır. Dövlət və müdafiə xərcləri artır. Müasir dünyada bu zərurətə çevrilib. Bu cür xərclər isə adətən maliyyə kəsirlərinə və ümumi dövlət borcunun artmasına təsir göstərir. Burada Yaxın Şərq və Afrika ölkələrindən kütləvi və "yararsız" miqrant axınının da rolu az deyil".

Elnur Kəlbizadə, siyasi elmlər doktoru
E.Kəlbizadə qeyd edib ki, tarixin müxtəlif mərhələlərində böyük işlərə imza atmış "alman maşını" yeni impulsa, güclü ələ ehtiyac duyur. XXI əsrdə isə güclü əl və böyüklük dövlətlərin ərazi və əhali ölçüləri ilə müəyyənləşmir.
"Prezident İlham Əliyevin liderliyindəki Azərbaycan dəfələrlə müxtəlif çətinliklərlə üzləşən dövlətlər üçün etibarlılığını sübut edib. Bu barədə ən böyük etirafı vaxtilə Belarus Prezidenti Aleksandr Lukaşenko etmişdi. 2010-cu ildə Belarusun üzləşdiyi böhrandan necə çıxdığına dair suala Lukaşenko belə cavab vermişdi ki, doğma qardaşlarımız bizi sıxışdırırdılar, qazı kəsmişdilər. O zaman Belarus xalqına məhz Azərbaycan Prezidenti kömək etmişdi", - deyə dosent vurğulayıb.
Müsahibimiz hesab edir ki, Prezident İlham Əliyevin Azərbaycanı inkişaf baxımından hansı nöqtədən nöqtəyə yüksəltdiyi indi daha aydın şəkildə görünür:
"Yəqin ki, dəfələrlə böhranlarla üzləşmiş Almaniya bu böhrandan da çıxacaq. Dövlət yaddaşı isə böhran anında ləyaqətli davrananları unutmayacaq".
Gülşən Şərif
















