Bakıda ödənişli hərəkət zonalarına girişdən toplanan vəsait dövlət büdcəsinə köçürüləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Avtomobil yolları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin ərazilərə daxil olmasına görə ödəniləcək məbləğ müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək. Toplanan vəsait dövlət büdcəsinə ödəniləcək.
Dəyişikliyə əsasən, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılara məsafə əsaslı nəqliyyat xidmətlərinin göstərilməsinə görə subsidiya da ayrılacaq. Bu ödənişlər müvafiq qurumun müəyyən etdiyi qaydada dövlət büdcəsi hesabına maliyyələşdiriləcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
















