Ermənistan parlament sədrinin müavini, İrəvanın Türkiyə ilə normallaşma üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan Avropa Şurasının baş katibi Alen Berse ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, Görüşdə regional hadisələr kontekstində Ermənistan və Azərbaycan arasında sülh sazişi ətrafında gedən proseslər müzakirə edilib. R.Rubinyan və A.Berse arasındakı müzakirələrdə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə də toxunulub.
Bəzi ekspertlər düşünür ki, Qərb ölkələri Ankaraya İrəvanla münasibətləri normallaşdırmaq yönündə təzyiqlər göstərirlər.
Siyasi şərhçi Əhəd Məmmədli Bakıvaxtı.az-a açıqlamasında deyib ki, o, Qərbin Türkiyəyə bu məsələdə ciddi təzyiq göstərdiyini zənn etmir.
Ekspert bildirib ki, hazırda Qərb dövlətləri, xüsusən Avropa ölkələri Türkiyəyə təzyiq edəcək durumda deyillər:
"Amma Avropa hər zaman marağında olub ki, Türkiyə və Ermənistanın münasibətləri normallaşsın, sərhədlər açılsın, diplomatik əlaqələr qurulsun. Bunu ABŞ də istəyir. Qərb dövlətləri bu istiqamətdə bir sıra addımlar da atıblar. Futbol diplomatiyası hamının xatirindədir. Abdullah Gül prezident olan zaman Serj Sarkisyanla İrəvanda futbol matçını izləmişdi. Təbii ki, bu, Azərbaycanın maraqlarına cavab vermirdi. Elə Türkiyənin də maraqlarına zidd idi. İndi də düşünürəm ki, İrəvan-Ankara münasibətlərinin normallaşması Bakının maraqlarına cavab vermir. Çünki Ermənistan Ağrı dağının öz gerblərində əks olunmasını ciddi məsələ saymır, bunu ərazi iddiası kimi görmürlər. Deyirlər, burada nə var ki? Simvolik məsələdir və s. Ağrı dağı Türkiyənindir".
Əhəd Məmmədli, siyasi şərhçi
Ə.Məmmədli əlavə edib ki, Türkiyə ərazisinin Ermənistan gerbində simvolik də olsa əks olunması ermənilərin düşündüyü kimi bəsit məsələ deyil və ərazi iddiasıdır:
"Belə halda iki ölkənin münasibətləri necə normallaşa bilər? Təsəvvür edin, sabah Yunanıstan da referendumla gerbini dəyişir, İstanbuldakı Ayasofiya məscidini öz gerbində əks etdirir. Türkiyənin buna münasibəti necə olar? Erməni tərəfi Ağrı dağı məsələsini dünya ictimaiyyətinə, o cümlədən Türkiyənin özünə adi hal kimi qəbul etdirməyə çalışır. Halbuki, bu, çox ciddi məsələdir, göz yumulası məqam deyil. Əslində bu məsələ Türkiyə üçün prinsipial olmalıdır. Ankara İrəvana sual ünvanlamalıdır ki, "Ağrı dağı ermənilərin gerbində nə gəzir? Başqa hansısa ölkələr arasında belə bir şey varmı? Bu hal aradan qalxana kimi Türkiyə özü Ermənistanla əlaqələrin qurulmasında maraqlı olmamalıdır".
Aydın Baxış