Avropada ilin ilk yarısında elektrikli avtomobillərin satışı 1 milyon 193 min 397 ədədə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25% artım deməkdir.
Eyni zamanda, elektrikli avtomobillərin bazar payı 17,4%-ə yüksəlib ki, bu da ötən ilə nisbətən 3,6 faiz artım deməkdir.
Bazar payının artımı üzrə Danimarka 19 faizlə birinci yeri tutub. Siyahıda Norveç (9,2 faiz), Belçika (8 faiz), Finlandiya (7,2 faiz) və Avstriya (5,6 faiz) növbəti yerlərdə qərarlaşıb. Ən aşağı göstəricilər isə Xorvatiya, Slovakiya, Rumıniya, Polşa və İtaliyada qeydə alınıb.
İlin ilk 6 ayında Avropada ən çox elektrikli avtomobil satan marka Volkswagen olub. Onun satışları 78% artaraq 135 min 427 ədədə çatıb.
Qeyd edək ki, satışlarda 33% azalma yaşayan Tesla 109 min 262 ədəd ilə ikinci, 15% artım edən BMW isə 94 min 658 ədəd ilə üçüncü yeri tutub. İlk onluqda həmçinin Audi (74 min 561), Skoda (71 min 789), Renault (64 min 402), Kia (55 min 915), Mercedes (55 min 428), Volvo (49 min 219) və Hyundai (46 min 380) yer alıb.