Azərbaycan AZAL təyyarəsinin vurulması məsələsində prinsipial mövqeyini qoruyur.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı “Ana harayı” abidəsini ziyarət edərkən jurnalistlərə açıqlama verib.
Nazir bildirib ki, 2025-ci ilin oktyabrında Azərbaycan və Rusiya prezidentləri arasında keçirilən görüşdə Vladimir Putin tərəfindən səsləndirilmiş öhdəliklər icra olunmalıdır:
“Təyyarənin vurulması Rusiya Müdafiə Nazirliyinin səhvi ucbatından baş verib. Gözləntimiz odur ki, bütün zəruri tədbirlər görüləcək, hüquqi qiymət veriləcək və kompensasiyalar ödəniləcək”.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Turab Rzayev deyib ki, bu hadisə baş verən ilk andan müəmmalı olaylar zənciri bir-birini izlədi.
Analitik qeyd edib ki, ilk sual o idi ki, ümumiyyətlə belə bir hadisə niyə baş verdi:
“Təyyarələrin vurulması tez-tez baş verən bir hadisə deyil. Xüsusilə, mülki təyarənin hərbi hava qüvvələri tərəfindən vurulmasına nadir hallarda rast gəlmək mümkündür. Ona görə də təyyarəmizin vurulması hadisəsindən sonra burada fərqli izlər axtarıldı. Xeyli vaxt keçsə də, Azərbaycanın haqlı tələbləri yerinə yetirilməyib. Rusiya təyyarəmizi vurduğunu etiraf etməyib".

Turab Rzayev, politoloq
Onun sözlərinə görə, məsələ ondadır ki, mülki təyyarəmizin vurulmasının özü başlı-başına ciddi hadisədir:
"Təyyarənin yönləndirilməsi, fərqli istiqamətlərə göndərilməsi, yaxınlıqdakı hava limanlarına enişə icazə verilməməsi, Qazaxıstanın açıqlamasından sonra Rusiyanın müxtəlif bəhanələr gətirməsi, “quş sürüsü” və “qaz balonunun partlaması” iddiası, pilotlarla bağlı müəyyən məsələlərin qabardılması və s. məqamlar açıq göstərir ki, burada gizlədilən, açıqlanmayan nələrsə var”.
Ekspertə görə, əgər təyyarəmizin vurulması iddia edildiyi kimi hərbi təlim zamanı baş vermiş texniki xəta idisə, buna çox sadə şəkildə açıqlama gətirmək mümkün idi:
“İlk günlərdə üzr istənilərdi və rəsmi mövqe ortalığa qoyulardı. Amma Rusiya elə yanaşır ki, sanki ümumiyyətlə belə bir hadisə olmayıb. Hətta maraqlıdır ki, təyyarəmizin vurulmasının ardından Rusiya mətbuatda və fərqli sahələrdə Azərbaycan üzərinə hücuma keçdi. Rəsmilər, deputatlar, televiziyalar Azərbaycanı açıq hədəf aldılar. Guya Rusiya hadisə ilə bağlı komissiya təşkil etmiş, istintaq başlatmışdı. Hanı komissiyanın, istintaqın qərarları? Günahkarlar kimlərdir, kimlər həbs olundu, cəzalandırıldı? Yəni müəmmalı, qaranlıq məqamlar çoxdur”.
Aydın Baxış
Bakı 




