Sentyabrın 1-də Braziliyada Azərbaycan və Braziliya arasında Ticarət və İnvestisiya Əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun iclası keçiriləcək.
İqtisadiyyat Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, bununla bağlı müzakirələr nazirin I müavini, Birgə İşçi Qrupunun həmsədri Elnur Əliyevin Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz ilə keçirdiyi görüşdə aparılıb.
Görüşdə vurğulanıb ki, qarşılıqlı səfərlər, imzalanan sənədlər ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır.
Braziliya ilə ticarət və investisiya münasibətlərinin mövcud potensiala uyğun gücləndirilməsinin önəmi qeyd olunub. Bununla yanaşı, ölkələrimiz arasında tərəfdaşlıqda kənd təsərrüfatı, nəqliyyat, təhsil və texnologiya, turizm sahələri əsas prioritetlər kimi diqqətə çatdırılıb.
Ölkəmizdə yaradılmış əlverişli işgüzar mühit, investorlar üçün yaradılan imkanlar haqqında məlumat verilib, braziliyalı sərmayədarlar fəal əməkdaşlığa dəvət olunub.
Tərəflər əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsi barədə müzakirə aparıblar.