Avropa İttifaqı Ukrayna müharibəsindən sonra enerji təhlükəsizliyini gücləndirmək və Rusiyadan asılılığı azaltmaq üçün mühüm addımlar atsa da, bəzi üzv dövlətlər hələ də Rusiya neft və qazından imtina edə bilmirlər. Macarıstan və Slovakiya bu siyahının önündə gəlir.
ABŞ prezidenti Donald Trampın “tam alternativ tapmaq” çağırışı isə müzakirələri daha da qızışdırıb. Lakin Avropa İttifaqının xarici işlər naziri Kaja Kallasın sözlərinə görə, bu ölkələrə qarşı sanksiya gündəlikdə deyil, çünki əsas məqsəd cəzalandırmaq yox, alternativ bazarlara yönləndirməkdir.
Mövcud vəziyyət həm Avropanın gələcək enerji siyasəti, həm də ABŞ-nin qitədəki təsir imkanları ilə bağlı yeni suallar doğurur.
Mövzu ilə bağlı Bakıvaxtı.az-la fikirlərini bölüşən politoloq Züriyə Qarayeva Avropa İttifaqı hazırda əsas hədəf kimi birliyi qorumağa çalışır. Onun sözlərinə görə, əgər Macarıstan və Slovakiyaya qarşı sanksiya tətbiq edilsə, bu, Aİ daxilində ciddi parçalanmaya səbəb ola bilər. Ona görə də Brüssel daha çox yumşaq təzyiq metodlarından istifadə edir.
Politoloq qeyd edib ki. digər tərəfdən, həmin ölkələrin hələ də Rusiya enerji resurslarına bağlılığı var, birdən-birə alternativə keçid iqtisadi baxımdan çətin görünür. Bu səbəbdən Aİ daha çox siyasi mesajlarla kifayətlənir, amma real sanksiya variantını gündəmə gətirmir.
ABŞ Avropanın enerji siyasətində əsas oyunçulardan biridir. Xüsusilə maye qaz ixracı vasitəsilə Avropaya alternativ enerji təminatı təklif edir. Z.Qarayeva bildirib ki, bununla yanaşı, ABŞ-nin siyasi çəkisi də böyükdür - NATO xətti ilə Avropa ölkələrinə təzyiq göstərmək imkanına sahibdir:
“Trampın çağırışları göstərir ki, Vaşinqton Avropanı Rusiyadan tam uzaqlaşdırmaq istəyir, amma bunun üçün məsuliyyətin böyük hissəsini Aİ-nin öz üzərinə qoyur. Nəticədə, ABŞ həm iqtisadi qazanc əldə edir, həm də Avropanı daha çox özünə bağlayır”.
Macarıstan və Slovakiyanın Rusiyadan enerji almaqda israr etməsinin əsas səbəblərinə gəlincə, müsahibimizə görə, burada birinci səbəb qiymətdir. Dediyinə görə, Rusiya nefti və qazı digər bazarlardan qat-qat ucuzdur:
“İkinci səbəb isə infrastrukturla bağlıdır - bu ölkələrin enerji şəbəkələri uzun illərdir Rusiya resurslarına uyğun qurulub. Alternativ təchizat marşrutlarının qurulması həm vaxt, həm də maliyyə tələb edir.
Bundan əlavə, daxili siyasi maraqlar da rol oynayır - ucuz enerji yerli hökumətlərin iqtisadi sabitliyi qoruması üçün mühüm amildir”.
Züriyə Qarayeva: Aİ-nin gələcəkdə daha çox alternativ tərəfdaşlara üz tutacağı gözlənilir
Bəs Avropa İttifaqının enerji siyasətində növbəti addımlar necə görünür?
Politoloq qeyd edib ki, gözlənilir ki, Aİ gələcəkdə daha çox alternativ tərəfdaşlara üz tutacaq - Norveç, Azərbaycan, ABŞ və Yaxın Şərq ölkələri bu siyahıda ön plandadır. Eyni zamanda, bərpa olunan enerji mənbələrinə investisiyaların artırılması prioritet kimi saxlanılır.
“Avropa bir neçə ildən sonra tam şəkildə Rusiya enerjisindən imtina etmək niyyətindədir, amma bu proses mərhələli şəkildə gedəcək. ABŞ bu keçidi sürətləndirmək üçün öz qaz ixracını artırmağa hazırdır. Yekunda, Aİ-nin enerji siyasəti daha çox diversifikasiya və təhlükəsizlik amillərinə əsaslanacaq”, - deyə Züriyə Qarayeva qeyd edib.
Zülfü Məmmədov