“Ermənistanda konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırışların məhdudlaşdırılması və paralel şəkildə yeni konstitusiya mətninin hazırlanması sıradan hüquqi texniki proses deyil”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Tural ismayılov deyib.
"Bu, ilk növbədə Ermənistanın daxili siyasi böhranını idarə etmək cəhdidir.
Onun sözlərinə görə, hakimiyyət anlayır ki, revizionist ritorika həm dövlət institutlarını zəiflədir, həm də ölkəni regional proseslərdən kənarda saxlayır. Politoloq bildirib ki, 2026-cı ilin martına qədər planlaşdırılan yeni konstitusiya mətni isə daha çox zaman udmaq və daxili müqaviməti mərhələli şəkildə yumşaltmaq məqsədi daşıyır:
“Bu prosesin birbaşa olaraq gələn il sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracağını indidən qəti söyləmək çətindir. Çünki sülhün əsas şərti təkcə hüquqi mətnlər deyil, siyasi iradə və real davranışlardır. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması baş vermədiyi müddətdə sülh sazişi yalnız kağız üzərində qala bilər. Bakı üçün əsas məsələ tarix deyil, məzmundur”.

Tural İsmayılov: Ərazi iddiaları bitmədən real sülhdən danışmaq mümkün deyil
Müsahibimizə görə, Ermənistan cəmiyyətinin psixoloji durumu da birmənalı deyil. Belə ki, bir tərəfdə müharibələrdən yorulmuş, sosial-iqtisadi rifah istəyən səssiz çoxluq var. Digər tərəfdə isə hələ də revanşist miflərlə yaşayan, diaspor və radikal qruplar tərəfindən qidalanan aktiv azlıq mövcuddur:
“Hakimiyyət bu iki xətt arasında manevr edir və açıq şəkildə etiraf etmədiyi kompromisləri dolayı yollarla cəmiyyətə sırımağa çalışır".
T.İsmayılovun fikrincə, kənar qüvvələrin təsiri isə həlledici faktordur:
"Rusiya prosesləri öz təsir alətləri ilə ləngitməyə çalışır, Qərb isə Ermənistanı sülhə yox, idarə olunan qeyri-müəyyənliyə sürükləyir. Bu mənzərədə yalnız Azərbaycanın mövqeyi ardıcıl və prinsipialdır: ərazi iddiaları bitmədən, konstitusion risklər aradan qalxmadan real sülhdən danışmaq mümkün deyil. Ermənistan bunu nə qədər tez dərk etsə, region üçün bir o qədər yaxşı olar".
Aynur Babazadə
Bakı 




