Azərbaycan tərəfinin əsas yanaşması informasiya ilə bağlı məsələlərdə açıq, aydın və operativ mövqenin ortaya qoyulmasıdır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən deyib.
Nazir deyib ki, xüsusilə sual doğura biləcək və operativlik tələb edən mövzularda düzgün məlumatın vaxtında təqdim edilməsi mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, informasiyanın həm məzmunu, həm də təqdimat forması bu baxımdan xüsusi önəm kəsb edir:
“Təkcə 2025-ci il ərzində müxtəlif mövzular üzrə xarici auditoriyalar üçün 3000-dən artıq rəsmi mövqe və izahat təqdim edilib, çoxsaylı mətbuat konfransları və brifinqlər keçirilib. Eyni zamanda diplomatik nümayəndəliklər tərəfindən dünyanın müxtəlif ölkələrində Azərbaycanın mövqeyini əks etdirən minlərlə material yayılıb”.
O əlavə edib ki, 30-a yaxın ölkəni təmsil edən 500-ə yaxın media nümayəndəsinin Azərbaycana səfəri təşkil olunub. Bu səfərlər çərçivəsində müxtəlif tədbirlər işıqlandırılıb, həmçinin işğaldan azad olunmuş ərazilərə texniki səfərlər həyata keçirilib.
Ceyhun Bayramov vurğulayıb ki, dezinformasiya problemi təkcə Azərbaycan üçün deyil, qlobal miqyasda aktualdır və xüsusilə həssas mövzularda yanlış məlumatların yayılması daim diqqət mərkəzində saxlanılır.
Zeynəb Rzayeva
Bakı 




