• Bakı C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

XİN: Bakı Aİ ilə əməkdaşlığı davam etdirmək niyyətindədir

CƏMİYYƏT

26 Dekabr 2025 | 17:37

XİN: Bakı Aİ ilə əməkdaşlığı davam etdirmək niyyətindədir

Avropa Parlamentinin son dövrlərdə Azərbaycanla bağlı səsləndirdiyi tənqidi mövqelərə gəldikdə, biz bu cür yanaşmalarla ilk dəfə qarşılaşmırıq. Son illər ərzində Avropa Parlamenti tərəfindən müxtəlif mövzular üzrə Azərbaycana qarşı neqativ gündəliyin formalaşdırılmasına yönəlmiş çoxsaylı halların şahidi olmuşuq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən deyib.

Nazirin sözlərinə görə, ümumilikdə, Azərbaycan-Avropa münasibətləri kontekstində müxtəlif Avropa təsisatları mövcuddur və onların hər birinin gündəliyi və yanaşması fərqli ola bilər. Bəzi təsisatlar daha müsbət və konstruktiv əməkdaşlığa fokuslanmağa çalışsa da, Avropa Parlamenti, eləcə də Avropa Şurası Parlament Assambleyası daha çox neqativ gündəlik formalaşdıran qurumlar kimi çıxış edirlər:

“Bu cür fəaliyyətlərin Avropa Komissiyası və Avropa İttifaqı Şurası ilə münasibətlərimizə təsir edib-etməməsinə gəldikdə, keçmiş təcrübə göstərir ki, müəyyən hallarda bu cür addımlar mənfi fon yarada bilər. Lakin bu, Avropa İttifaqının bütün təsisatlarının vahid mövqeyi kimi qəbul edilmir.

Avropa Parlamentinin son açıqlamasına Azərbaycan Respublikasının Milli Məclis tərəfindən əsaslandırılmış və tutarlı cavab verilib. Bu, Azərbaycanın öz mövqeyini açıq və prinsipial şəkildə ifadə etdiyini bir daha nümayiş etdirir”.

Nazir qeyd edib ki, 2024–2025-ci illər kontekstində Avropa İttifaqının bir sıra təsisatlarının Azərbaycanla daha sıx əməkdaşlıqda maraqlı olduğu açıq şəkildə görünür:

“Biz bu istiqamətdə xoşməramlı addımlar müşahidə edirik və bu da dialoqun intensivləşməsinə səbəb olub. Azərbaycan tərəfi bu cür konstruktiv təşəbbüslərə hər zaman adekvat cavab verir”.

Ceyhun Bayramov əlavə edib ki, Azərbaycan Avropa İttifaqı və onun müxtəlif təsisatları ilə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıqda maraqlıdır. Lakin əgər hansısa qurumlar kampaniya xarakterli, qərəzli yanaşmalarla çıxış edəcəklərsə və bunu münasibətlərin əsas xəttinə çevirməyə çalışacaqlarsa, bu zaman Azərbaycanın təsir imkanları məhdud olur:

“Bununla belə, açıq və səmimi əməkdaşlıq üçün real maraq olduğu təqdirdə Azərbaycan bu dialoqu davam etdirməyə hazırdır və hesab edirik ki, məhz bu yanaşma həm konstruktiv, həm də qarşılıqlı faydalıdır”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR