"Ermənistanda qarşıdan gələn parlament seçkiləri adi olmayacaq. Biz özümüzə sadəcə parlamentdə görünməyi hədəf qoymuruq".
Bakıvaxtı.az xəbər verir ki, bunu dekabrın 26-da jurnalistlərlə görüşündə Erməni Milli Konqresinin sədr müavini Aram Manukyan bildirib.
"Biz inanırıq ki, ölkəmiz təhlükəli bir mərhələdədir. Xüsusilə də suverenliyini itirmək ərəfəsindədir. Dövlətçiliyimizi itiririk. Buna görə də, bu mərhələdə sadəcə parlamentə girməyi hədəfləyən hər kəs mövcud hökumətin gündəliyinə birbaşa töhfə verir", - deyə müxalifət nümayəndəsi izah edib.
O, Ermənistanın üzləşdiyi problemləri çox ciddi hesab edib: "Biz seçki kampaniyasına böyük bir ittifaq yaratmaq məqsədi ilə giririk. Onun köməyi ilə ölkəni dağılmaqdan xilas edə bilərik. Dövlətçiliyimizi qorumaq parlamentə daxil olmaqdan min dəfə daha vacibdir", - deyə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın müttəfiqi vurğulayıb.
Aram Manukyan qeyd edib ki, bu missiya ilə onlar siyasi mübarizəyə girəcək və digər qüvvələr və şəxslərlə koalisiya yaratmağa çalışacaqlar.
Aynur Babazadə
Bakı 




