Son illər ərzində Azərbaycan və Çin arasındakı əlaqələrdə xüsusi canlanma yaşanır.
Bakıvaxtı.az-ın məlumatına görə, prezident İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində bildirib ki, Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni müsbət məzmunla zənginləşir. O, iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb.
Azərbaycan–Çin münasibətlərində dərinləşən strateji tərəfdaşlığın qlobal əməkdaşlığa çevrilməsi ölkəmiz üçün nələr vəd edir?
Politoloq Azər Qasımov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycan regionunun aparıcı və coğrafi baxımdan ən əlverişli ölkəsi kimi dünya iqtisadiyyatının diktəedici gücü olan Çinlə münasibətləri fonunda beynəlxalq nüfuzu daha da artır:
"Prezidentin vurğuladığı kimi, Azərbaycan Çindən sonra beynəlxalq layihə olan "Bir qurşaq, bir yol" layihəsinə sərmayə qoyan ikinci ölkədir. Bu, ilk növbədə, Azərbaycanın iqtisadi gücünü, sonra isə dünya iqtisadiyyatına verdiyi töhfələr baxımından dövlət təfəkkürünü göstərir. Azərbaycanın bu kimi əməkdaşlıqları böyük güclər arasında rəqabətin olmasına baxmayaraq, özünə bu güclər arasında yer edir. Azərbaycanın beynəlxalq nüfuzunu artırır”.
Müsahibimizə görə, təsadüfi deyil ki, Azərbaycanın rəqibləri bu siyasətin effektivliyindən qısqanclıqla danışır, buna həsəd hissi ilə baxırlar. Təbii ki, bu, Azərbaycan dövlətinin strateji düşüncəsinin məhsuludur. Azərbaycan və Çin münasibətlərinin strateji tərəfdaşlığı da bu proseslərdə əhəmiyyətli rol oynayır.
Azər Qasımov: Əlaqələr gücləndikcə Azərbaycan siyasi arenada indikindən daha çox hesablaşılan dövlət olacaq
A.Qasımov hesab edir ki, atılan addımlar Azərbaycanın beynəlxalq nüfuzunun artmasına dəstək olur.
"Azərbaycan eyni zamanda beynəlxalq güclərlə əməkdaşlıq etməklə, qarşı güclərin ona olan marağını artırır. Qarşı güclərin Azərbaycana beynəlxalq dəstəyini gücləndirir, rəqabətdən irəli gələn təsir gücünü artırır. Bu zaman Azərbaycan bu güclər qarşısında əvəzedilməz aktora çevrilir. Azərbaycanın şəxsi maraqlarının qorunmasında dəstəkçi gücə çevrilir”.
“Hesab edirəm ki, Azərbaycan-Çin əlaqələri daha da gücləndikcə Azərbaycan həlledici gücə çevrilməklə yanaşı, siyasi arenada da indikindən daha çox hesablaşılan dövlət olacaq", - deyə Azər Qasımov vurğulayıb.
Gülşən Şərif