Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən futzal üzrə universitetlərarası Avropa çempionatının qalibi olan Azərbaycan İdman Akademiyasının komandasının qarşısına ən azı yarımfinala yüksəlmək məqsədi qoyulmuşdu.
Bunu Bakıvaxtı.az-a açıqlamasında komandanın məşqçisi Vitali Borisov deyib.
O, tələbə futzalçılarının özlərini yaxşı tərəfdən göstərdiklərini bildirib:
“Çempionatdan əvvəl qarşıya ən azı yarımfinala çıxmaq məqsədi qoyulmuşdu. Çünki komanda ötən il beşinci yeri tutmuşdu. Bu dəfə daha yaxşı nəticə qazanmaq niyyətində idik. Komanda özünü yaxşı tərəfdən göstərdi. Hiss olunurdu ki, finala çıxa bilərik və belə də alındı. 1/4 finalda Fransa yığması ilə oyun çətin keçdi. Qrupda cəmi bir matçda məğlub olduq. Hansı ki, artıq qrupdan çıxdığımız üçün bu görüşün nəticəsi formal xarakter daşıyırdı”.
O, rəqib komandaların məşqçilərini tanıdığını vurğulayıb:
“Rəqiblərimiz güclü idi. İspaniya, Xorvatiya və Fransa hərəyə iki komanda ilə təmsil olunurdular. Xorvatiya komandalarının məşqçilərini tanıyıram. Biri İsveç millisində çalışır, digəri Xorvatiya yığmasında köməkçidir. İspanlar haqqında da nəsə deməyə ehtiyac yoxdur. Onlar həmişə güclü olublar. Çempionat yaxşı keçdi, təşkilatçılıq da pis deyildi”.
V.Borisov qarşıdakı planlar barədə məlumat verib:
“Gələn il Avropa çempionatı olmalıdır. Həmçinin dünya çempionatı keçiriləcək. Amma dəqiq vaxt barədə hələ məlumat yoxdur”.
Qeyd edək ki, Azərbaycan İdman Akademiyasının komandası Avropa çempionatının finalında İspaniyanın Valensiya Universitetini 7:2 hesabı ilə məğlub edərək yarışın qalibi adını qazanıb.