• Bakı 10° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.7814

    RUB - 1.629

Azərbaycan-NATO əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub - YENİLƏNİB

SİYASƏT

25 Noyabr 2024 | 19:34

Azərbaycan-NATO əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub - YENİLƏNİB

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulmasının 30 illiyinə həsr olunmuş elmi-praktik konfrans çərçivəsində Alyansın Baş Katibinin əməliyyatlar üzrə köməkçisinin müavini xanım Burcu Sanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi polkovnik Elçin Abdullayev NATO nümayəndə heyəti ilə görüşüb.
Görüşdə NATO ilə əməkdaşlığın əsas hüquqi bazası hesab olunan “Fərdi uyğunlaşdırılmış tərəfdaşlıq proqramı” (ITPP) layihəsində göstərilən öhdəliklərin icrası ilə bağlı cari vəziyyət və beynəlxalq təhlükəsizlik missiyalarında hərbi qulluqçularımızın iştirakı barədə danışılıb.

Həmçinin Azərbaycan Ordusu tərəfindən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş müxtəlif qoşun növləri bölmələrinin hazırlığı, Tərəfdaşlığın Qərargah Vəzifəsi Konsepsiyası çərçivəsində Alyansın müxtəlif qərargah və strukturlarında xidmət edən hərbi qulluqçularımızın töhfələri barədə müzakirələr aparılıb.

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı cənab Cəfər Hüseynzadənin də iştirak etdiyi görüş zamanı ölkəmizin NATO-nun etibarlı tərəfdaşı olduğu xüsusi vurğulanıb və əməkdaşlığın gələcək perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

 

***16:39

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi Elçin Abdullayev NATO nümayəndə heyəti ilə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, NATO baş katibinin əməliyyatlar üzrə köməkçisinin müavini Burcu Sanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulmasının 30 illiyinə həsr olunmuş Akademik Konfransda iştirak etmək üçün Bakıda səfərdədir.

"Müzakirələr zamanı NATO-nun rəhbərlik etdiyi əməliyyatlara və müttəfiq ölkələrin enerji təhlükəsizliyinə verdiyi töhfələrə görə Azərbaycanın alyansın etibarlı tərəfdaşı olduğu qeyd edilib. Görüş çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı, gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub", - görüşdə iştirak edən C.Hüseynzadə yazıb.

Qeyd edək ki, Azərbaycan “Sülh Naminə Tərəfdaşlıq” Proqramına 1994-cü ildə qoşulub.


SON XƏBƏRLƏR