• Bakı 19° C

    3.26 m/s

  • USD - 1.7

    EUR - 1.9886

    RUB - 2.0473

Azərbaycan Qərbin hədəfindədir? - Vodolatskinin açıqlaması: təzyiq, yoxsa psixoloji savaş?

SİYASƏT

07 Oktyabr 2025 | 17:22

Azərbaycan Qərbin hədəfindədir? - Vodolatskinin açıqlaması: təzyiq, yoxsa psixoloji savaş?

Gürcüstan, Ermənistan və Azərbaycan hazırda Avropa İttifaqı və Avropa ölkələrinin xüsusi xidmət orqanlarının əsas hədəfindədir.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Viktor Vodolatski Tiflisdə keçirilən bələdiyyə seçkiləri fonunda bildirib.

Vodolatskinin iddiasına görə, Qərb qüvvələri bu ölkələrdə dövlətçiliyin zəiflədilməsi və daxili sabitliyin pozulması üzərində işləyir. Ona görə də Ermənistan və Azərbaycan da bir vaxtlar Ukraynanın “aşağı yuvarlanmasına” səbəb olan eyni təsirlərə məruz qalacaq.

Rusiya tərəfinin Azərbaycanla bağlı bu iddiasi psixoloji təhdid hesab oluna bilərmi? Doğrudanmı, ölkəmiz Avropa İttifaqı və Avropa ölkələrinin xüsusi xidmət orqanlarının əsas hədəfində ola bilər?

Mövzu ilə bağlı siyasi şərhçi Əli Zülfüqaroğlu Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, indiyə kimi Azərbaycana qarşı müxtəlif dövlətlər, Rusiya, Fransa, ABŞ, o cümlədən beynəlxalq təşkilatlar tərəfindən qərəzli yanaşmalar müşahidə olunub.

Onun sözlərinə görə, bu baxımdan Viktor Vodolatskinin açıqlaması təhdid xarakterli olsa da, yeni hal deyil:

"İstənilən halda Azərbaycan xarici təhdidlərə qarşı güclü immunitetə sahibdir. Vətən Müharibəsinə qədər, müharibə zamanı və sonrakı dövrlərdə Azərbaycana qarşı bir sıra dövlətlər tərəfindən təzyiq xarakterli siyasi fəaliyyət yürüdülürdü. Xüsusən də Vətən Müharibəsindən sonra Bayden Amerikası və Fransa Azərbaycana qarşı daha sərt mövqe sərgiləməyə başladı. Lakin Azərbycan öz prinsipial mövqeyində qaldı və adekvat reaksiyalar verməklə, öz siyasi kursunu davam etdirdi. Bu gün Bayden hakimiyyətdə deyil, Tramp Amerikası ilə Azərbaycan arasında yüksək səviyyəli münasibətlər var. Makronun Azərbaycana qarşı təzyiq xarakterli siyasəti iflasa uğrayıb. Makron bu gün Azərbaycanla münasibətləri normallaşdırmağa çalışır".

Rusiyanın dəfələrlə Azərbaycana qarşı təzyiq göstərdiyini bildirən Ə.Zülfüqaroğlunun fikrincə, xüsusən də AZAL-ın təyyarəsi vurulandan sonra Rusiya prosesi yubatmaqla və Azərbaycanın tələblərinə adekvat reaksiya verməməklə, öz münasibətini ifadə etməyə çalışıb.

Əli Zülfüqaroğlu: Artıq regionda yeni siyasi reallıqlar var və bu reallıqları məhz Azərbaycan yaradıb

"Azərbaycana qarşı göstərilən təzyiqlər indiyə kimi effektiv təsirə malik olmayıb. Bundan sonra da təsir edəcəyi gözlənilmir. Azərbaycan əsas problemini həll edərək, yeni hədəflər müəyyən edib. Xüsusilə dünya siyasi səhnəsində mühüm aktora çevrilmək istiqamətində addımlar atılır. Vaşinqton Bəyannaməsindən sonra ölkəmizə qarşı diqqət artmaqla yanaşı, Azərbaycanın diplomatik manevr imkanları da genişlənib. Artıq regionda yeni siyasi reallıqlar var və bu reallıqları məhz Azərbaycan yaradıb. Azərbaycn Cənubi Qafqazda dominant ölkə kimi öndədir. Bu kontekstdə Gürcüstan və Ermənistan siyasətinə də təsir imkanları var və getdikcə daha da artır", - deyə müsahibimiz əlavə edib.

Siyasi şərhçi hesab edir ki, Azərbaycanın beynəlxalq səhnədə nüfuzlu dövlətə çevrilməsi Cənubi Qafqazda stabilliyin bərqərar olmasına, həmçinin Gürcüstan  və Ermənistana təsir baxımından kifayət qədər önəmlidir. İstənilən təzyiq və ya təhdid Azərbaycanın prinsipial mövqeyindən geri çəkilməsinə heç bir halda təsir göstərə bilməz:

"Azərbaycan ədalətli siyasət yürüdür və beynəlxalq siyasi səhnədə etibarlı tərəfdaş olaraq qəbul olunur. Eyni zamanda  beynəlxalq siyasətdə etiket qaydalarına və münasibətlər sistemində tutduğu mövqeyə görə bu imici qazanıb. Azərbaycanın mövqeləri kifayət qədər möhkəmdir. Ona görə də Azərbaycana qarşı təhdid xarakterli addımların effektiv təsiri olmayacaq". 

Gülşən Şərif


SON XƏBƏRLƏR