Avropa İttifaqının Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının təhlükəsizliyini gücləndirmək məqsədilə 5 milyon avro həcmində maliyyə dəstəyi ayırması regionda ciddi müzakirələr doğurub.
Rəsmi Brüssel bu addımı nüvə təhlükəsizliyinin artırılması kimi təqdim etsə də, ekspertlər bunun siyasi və strateji aspektlərini də diqqətdə saxlayır. Metsamor AES-in fəaliyyət müddətinin uzadılması ilə bağlı ehtimallar, həmçinin bu stansiyanın Cənubi Qafqazda yaratdığı risklər kontekstində Avropa İttifaqının niyyətləri barədə fərqli baxışlar mövcuddur. Məsələnin həm enerji təhlükəsizliyi, həm də geosiyasi balans baxımından qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Bu mövzuda fikirlərini Bakıvaxt.az-la bölüşən politoloq Züriyə Qarayeva bildirib ki, Avropa İttifaqının bu addımı ilk baxışda humanitar və texniki dəstək kimi görünür, lakin onun arxasında daha dərin siyasi məqsədlər dayanır. Metsamor kimi köhnəlmiş və seysmik risk daşıyan bir obyektin fəaliyyətini “təhlükəsizləşdirmək” mümkün deyil, onu yalnız mərhələli şəkildə bağlamaq olar:
“Brüssel bu yolla Ermənistanı həm enerji baxımından Rusiyadan qismən asılılıqdan çıxarmağa, həm də Avropa standartlarına uyğunlaşdırmağa çalışır. Eyni zamanda, bu sərmayə Aİ-nin regionda təsir imkanlarını genişləndirmək üçün alət rolunu oynayır. Təhlükəsizliyin gücləndirilməsi bəhanəsi ilə faktiki olaraq stansiyanın ömrü uzadılır və bu, region üçün əlavə risk yaradır. Bu baxımdan, layihə real təhlükəsizlik deyil, siyasi balans məqsədi güdür”.
Müsahibimizə görə, təcrübə crübə göstərir ki, bu tipli sərmayələr adətən “müvəqqəti təhlükəsizlik” adı altında obyektin istismarını davam etdirməyə xidmət edir. Onun sözlərinə görə, Metsamorun tam bağlanması Ermənistan üçün enerji böhranı yarada bilər, buna görə də hökumət alternativ enerji mənbələri formalaşmadan bu addımı atmaq istəmir:
“Aİ isə bu vəziyyətdən istifadə edərək Ermənistanı öz texnoloji və tənzimləmə orbitinə daxil etmək niyyətindədir. Yəni bu, bağlanma planı deyil, uzadılmış fəaliyyətin “təhlükəsiz çərçivədə saxlanması” strategiyasıdır. Bununla Brüssel həm İrəvana maliyyə asılılığı formalaşdırır, həm də regionda nüfuz balansını qoruyur. Nəticədə, təhlükəsizlik deyil, risklərin idarə olunan şəkildə davamı təmin olunur”.

Züriyə Qarayeva: Metsamorun fəaliyyəti regional enerji layihələrinin sabitliyinə də təsir göstərə bilər
Bu qərarın regionun ümumi təhlükəsizlik balansına təsirinə gəlincə, politoloq deyib ki, Metsamorun fəaliyyəti təkcə Ermənistanın deyil, bütün Cənubi Qafqazın ekoloji və strateji sabitliyinə təsir göstərir. Z.Qarayeva bildirib ki, zəif texniki vəziyyət və seysmik aktivlik fonunda hər hansı qəza bütün regionu əhatə edə bilər:
“Azərbaycanın və Türkiyənin bu məsələ ilə bağlı narahatlığı əsaslıdır, çünki külək və su axınları kimi təbii amillər sərhədləri tanımır. Avropa İttifaqı bu addımı ilə təhlükəsizlik deyil, siyasi təsir mexanizmini möhkəmləndirir. Bu, həm də Rusiyanın bölgədəki enerji dominantlığına qarşı simvolik cavab kimi görünür. Lakin regional təhlükəsizlik baxımından bu addım balansı daha da mürəkkəbləşdirə bilər”.
Bəs bu kontekstdə Azərbaycanın mövqeyi və reaksiyası necə olmalıdır?
Həmsöhbətimiz bu suala cavabında bildirib ki, Azərbaycan məsələni sırf təhlükəsizlik prizmasından qiymətləndirməli və beynəlxalq təşkilatlarda bu mövzunu mütəmadi qaldırmalıdır. Dediyinə görə, Metsamorun fəaliyyəti təkcə ekoloji deyil, həm də strateji təhlükə yaradır və bu, regional enerji layihələrinin sabitliyinə təsir göstərə bilər.
“Bakı bu məsələdə həm Türkiyə, həm də GUAM və Qoşulmama Hərəkatı kimi platformalarla koordinasiyalı mövqe sərgiləməlidir. Eyni zamanda, Azərbaycanda alternativ enerji layihələrinin uğurla inkişaf etdirilməsi fonunda Bakı nümunəvi təhlükəsizlik modeli təqdim edə bilər. Bu, həm regional etimadı gücləndirər, həm də Ermənistanın təhlükəli enerji siyasətinə dolayısı ilə cavab olar. Azərbaycanın məqsədi riskləri tənqid etməkdən çox, regionda təhlükəsiz enerji mədəniyyətini təşviq etmək olmalıdır”, - deyə Züriyə Qarayeva qeyd edib.
Zülfü Məmmədov
Bakı 



