• Bakı 10° C

    6.44 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.2094

Azərbaycan regionda yeni nizam və tərtibat qurur

SİYASƏT

09 Dekabr 2025 | 15:20

Azərbaycan regionda yeni nizam və tərtibat qurur

"İkinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror əməliyyatlarından sonra regionda post-müharibə reallıqları formalaşmağa başlayıb. Azərbaycan bu yeni reallıqlar əsasında regionda yeni nizam və tərtibat qurur və prosesi çoxşaxəli şəkildə həyata keçirir".

Bu fikirləri politoloq Turan Rzayev Bakıvaxtı.az-a regionda post-müharibə reallıqları və Azərbaycan-Ermənistan münasibətlərinin inkişaf perspektivlərindən danışarkən bildirib.

Politoloq qeyd edib ki, Azərbaycan Ermənistan arasında hər hansı rəsmi sülh müqaviləsi imzalamasa da, Vaşinqtonda sülh sazişi paraflanıb - yəni imzalanacaq sənəd artıq mövcuddur və tərəflər arasında əlavə danışıqlar nəzərdə tutulmur. Artıq qalan məsələ tərəflərin hüquqi və daxili məsələlərini həll edib yekunda sülh sazişini imzalamaqdır:

"Bunun üçün ən vacib məsələlərdən biri sərhədlərin delimitasiyası və demarkasiyasıdır. Bununla bağlı iki ölkənin dövlət komissiyaları iş aparır və mütəmadi olaraq ictimaiyyətə hesabatlar təqdim olunur".

Turan Rzayev, politoloq

Müsahibimiz qeyd edib ki, Azərbaycan və Ermənistan rəhbərlərinin beynəlxalq tədbirlərdə bir araya gəlməsi artıq bir normaya çevrilib. Bu tədbirlər zamanı tərəflər arasında pozitiv mesajlar və xoş görüntülər ictimaiyyətə əks olunur:

"Regionda Azərbaycan yeni kommunikasiya xətləri, layihələr və transit keçid məsələləri üzərində aktiv işləyir və hazırda regionun başlıca nəqliyyat infrastruktur oyunçusudur. Şimal, cənub, şərq və qərb nəqliyyat dəhlizləri, enerji layihələri və sülh sonrası Ermənistanla əməkdaşlıq perspektivləri bu planların əsasını təşkil edir”.

“Beləliklə, Azərbaycan post-münaqişə reallıqlarında regionun inkişafı üçün çoxfunksiyalı və şaxələnmiş əməkdaşlıq planlarını hazırlayıb və onların icrası üzərində fəal şəkildə işləyir", - deyə Turan Rzayev əlavə edib.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR