Azərbaycan şahmat yığmasının yeni heyəti açıqlanıb.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, komandada yer almayan qrossmeyster Vasif Durarbəyli məsələ ilə bağlı şəxsi mövqeyini açıqlayıb. O bildirib ki, bu dəfə komandada olmamasına etiraz etmir, çünki artıq peşəkar şahmatçı kimi fəaliyyətini dayandırıb.
Durarbəyli qərarının səbəbini Azərbaycan Şahmat Federasiyası (AŞF) ilə uzun müddətli ziddiyyətlər və diskriminasiya ilə izah edib:
“Bunun birbaşa səbəbi Federasiyanın mənə qarşı göstərdiyi diskriminativ addımlar və təzyiqlərdir. Uzun müddət münaqişə ilə bağlı heç bir fikir bildirmirdim, çünki məsələni sivil və qarşılıqlı kompromislərlə həll etməyə çalışırdım,” – deyə o bildirib.
Şahmatçı əlavə edib ki, bu dövr ərzində AŞF prezidenti Mahir Məmmədov problemin həlli üçün heç bir iradə göstərməyib. Eyni zamanda, Federasiyaya nəzarət etməli olan Gənclər və İdman Nazirliyi də məsələ ilə bağlı konkret mövqe ortaya qoymayıb:
“Hörmətli nazir Fərid Qayıbova iki dəfə rəsmi şəkildə müraciət etdim. İlk məktub AŞF-ə yönləndirildi. İkinci məktubumda isə nazirin özü məsələ üzrə konkret münasibət bildirməli idi. Aldığım cavabı qənaətbəxş saymıram və əlavə müraciət göndərmişəm".
Durarbəyli bildirib ki, artıq məsələni Dünya Şahmat Federasiyasının (FIDE) Etik Komitəsinə çıxarıb:
“Azərbaycan Şahmat Federasiyasının və onun rəhbər şəxsləri olan Mahir Məmmədov və Faiq Həsənovun mənə qarşı törətdiyi ardıcıl diskriminativ hərəkətlərlə bağlı FIDE-nin Etik Komitəsinə rəsmi şikayət göndərmişəm".
Hazırda Vasif Durarbəylinin FIDE-dən cavab gözlədiyi bildirilir.
Əli Hüseynov