Son illərdə Azərbaycan və İsrail arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlıq getdikcə dərinləşir və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir.
Hər iki ölkə Cənubi Qafqaz və Yaxın Şərq regionunda sabitlik və təhlükəsizlik məsələlərində qarşılıqlı maraqlara malikdir. Azərbaycan enerji resursları və tranzit imkanları ilə, İsrail isə texnoloji və hərbi sahələrdə üstünlükləri ilə regionda nüfuz sahibidir.
Bu kontekstdə İsrailin xarici işlər naziri Gideon Saarın Bakıya səfəri diplomatik görüşlərdən savayı, həm də siyasi və təhlükəsizlik əməkdaşlığının yeni mərhələyə qədəm qoyması, iki ölkə arasında strateji layihələrin genişləndirilməsi və regional güc balansına təsir göstərə biləcək təşəbbüslərin müzakirəsi üçün vacib platforma rolunu oynayır.
Belə bir səfər həm də Azərbaycan–İsrail münasibətlərində yeni istiqamətlərin açılmasına, iqtisadi və hərbi sahələrdə əməkdaşlığın daha da şaxələnməsinə imkan yaradır.
Proses Azərbaycan-İsrail siyasi əməkdaşlığında hansı yeni istiqamətləri aça bilər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, İsrail-Azərbaycan münasibətləri özünəməxsus, unikal xarakter daşıyır və qarşılıqlı etimada, tarixi təcrübəyə və rasional siyasətə əsaslanır:
"Bu münasibətlər hər iki tərəf üçün faydalıdır, onların inkişafına imkan yaradır və xalqlarımızın dostluğu üçün yeni şərtlər formalaşdırır".
Deputat deyib ki, hazırda İsrail və Azərbaycan arasında bir neçə sahədə əməkdaşlığın dərinləşdirilməsi prioritet olaraq qarşıya qoyulub:
"Bunlardan biri kənd təsərrüfatının inkişafıdır. Digəri yeni innovativ texnologiyaların Azərbaycana gətirilməsidir. Üçüncüsü isə su ehtiyatları və hərbi sənaye sahəsində əməkdaşlığın gücləndirilməsidir".

Hikmət Babaoğlu: Bu görüş iki ölkə arasındakı əməkdaşlığın daha da inkişafına töhfə verəcək
Həmsöhbətimiz onu da deyib ki, bütün bu sahələr həm İsrail, həm də Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır:
"İsrail yalnız etibarlı tərəfdaş olmaqla kifayətlənmir, eyni zamanda dünya üzrə yeni texnologiyaların mərkəzlərindən biri kimi tanınır. Bu texnologiyalar xüsusilə kənd təsərrüfatında tətbiq oluna bilər. Məsələn, duzlu suyun içməli suya çevrilməsi sahəsində İsrailin geniş təcrübəsi var və Azərbaycanda bu istiqamətdə layihələr həyata keçirilir".
Hikmət Babaoğlu vurğulayıb ki, bütün bunlar İsrail-Azərbaycan münasibətlərini hər iki tərəf üçün cəlbedici edir:
"Buna görə də Azərbaycan Prezidenti İsrailin nazirlərindən birini qəbul edib və bu görüş iki ölkə arasındakı əməkdaşlığın daha da inkişafına töhfə verəcək".
Əli Hüseynov
Bakı 




