ABŞ Müdafiə Nazirliyinin sabiq rəsmisi, analitik Maykl Rubin Hindistan mediası üçün qələmə aldığı məqalədə iddia edib ki, Türkiyə qarşıdakı beş il ərzində nüvə silahı əldə edə bilər. Onun sözlərinə görə, Ankaranın texnoloji imkanları və regional təhlükəsizlik mühiti belə bir ssenarini tamamilə istisna etmir.
Bu iddia fonunda Ankaranın nüvə silahı istiqamətində real addım atma ehtimalı necə dəyərləndirilməlidir?
Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Xəyal Bəşirov bildirib ki, Türkiyə Cümhuriyyətinin nüvə silahı əldə etməsi daha çox İranın nüvə silahı əldə etmək istiqamətində apardığı mübarizənin nəticəsi kimi qiymətləndirilə bilər. Çünki nüvə silahının yayılması dünyada müsbət tendensiya deyil. Onun sözlərinə görə, indiyə qədər nüvə silahına sahib olan dövlətlər bu silahdan faktiki olaraq yalnız bir dəfə istifadə ediblər. Bu da 1945-ci ilin 6 və 9 avqust tarixlərində, İkinci Dünya müharibəsi zamanı ABŞ tərəfindən Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılan atom bombalarıdır:
"Bundan sonra nüvə silahı daha çox çəkindirici prinsip kimi, yəni güc nümayişi və “əzələ göstərmə” vasitəsi kimi istifadə olunub. Daha çox problemlərin birbaşa hərbi yolla deyil, qarşı tərəfi çəkindirmə yolu ilə həllinə xidmət edib.
Lakin hər bir halda məlumdur ki, Yaxın Şərq, o cümlədən İranın yerləşdiyi region sabit bölgə deyil. Vaxtilə İraqda və Liviyada da nüvə silahı əldə etmə cəhdləri olub. Amma həmin cəhdlərin qarşısı çox sərt şəkildə alınıb və nəticədə həmin rejimlər devrilib".

Xəyal Bəşirov: Türkiyənin nüvə silahı əldə etməsinə qarşı olanlar daha çoxdur
Politoloqun sözlərinə görə, İranda isə nüvə proqramı hələ şah dövründən mövcud idi. Bugünkü dini rejim hakimiyyətə gəlməzdən əvvəl də İranın nüvə potensialı ilə bağlı təşəbbüslər olub. Şahdan sonra isə indiki rejim təxminən 50 ilə yaxın hakimiyyətdə olduğu dövrdə nüvə silahı əldə etmək istiqamətində davamlı cəhdlər göstərib. Bu prosesin nəticəsidir ki, İranla Qərb, xüsusilə ABŞ arasında gərginlik bu gün də davam edir:
"Türkiyənin nüvə silahı əldə etməsinə razı olan və bunu istəyən qüvvələrin isə sayı azdır. Əksinə, buna qarşı olanlar daha çoxdur. Çünki Türkiyə kifayət qədər güclü və böyük dövlətdir - təxminən 90 milyon əhalisi, 800 min kvadrat kilometrə yaxın ərazisi var və Avropa ilə Asiyanın kəsişməsində strateji mövqedə yerləşir. Onun nüvə silahı əldə etməsi ilk növbədə Avropa dövlətlərinin, daha sonra Yaxın Şərq ölkələrinin - İranın, Səudiyyə Ərəbistanının və digər ərəb dövlətlərinin maraqlarına ziddir. Eyni zamanda bu, Rusiyanın da maraqlarına uyğun deyil. Bu səbəbdən həmin güclərin Türkiyənin nüvə silahı əldə etməsinə qarşı müxtəlif addımlar atacağı ehtimalı yüksəkdir".
Müsahibimiz bildirib ki, əgər İran nüvə silahına sahib olarsa, məntiqi olaraq Türkiyə və Səudiyyə Ərəbistanı üçün də bu məsələ təhlükəsizlik zərurətinə çevrilə bilər. Ən azından ilkin mərhələdə bu iki dövlət üçün belə bir addım regional balansın qorunması baxımından gündəmə gələ bilər. Çünki İranın nüvə silahı əldə etməsi regiondakı güc balansını dəyişəcək və digər əsas regional aktorlar üçün yeni təhlükəsizlik şərtləri formalaşdıracaq:
"Bu baxımdan əgər qarşıdakı beş il ərzində Türkiyənin nüvə silahı əldə edə biləcəyi iddia olunursa, deməli, burada İranın nüvə silahı əldə etməsi ehtimalı əsas arqument kimi ortaya qoyulur. Əgər bu ssenari real olarsa, o zaman Türkiyənin seçim imkanları ciddi şəkildə məhdudlaşa bilər".
Zeynəb Rzayeva
Bakı 




