Azərbaycan parlamentində sosial təminat, dövlət idarəçiliyi və iqtisadi tənzimləmələr sahəsində müzakirəyə çıxarılan qanun layihələri ölkənin idarəçilik modelində əhəmiyyətli yenilikləri nəzərdə tutur. Bu dəyişikliklər həm sosial rifahın artırılmasına, həm də iqtisadi siyasətin çevikliyinin yüksəldilməsinə xidmət edəcək.
Parlamentdə qəbul edilən islahatlar, düzgün həyata keçirildikdə, uzunmüddətli perspektivdə iqtisadi sabitlik, investisiya mühiti və sosial təminat sisteminin effektivliyini gücləndirərək ölkənin dayanıqlı inkişafına töhfə verə bilər.
Eyni zamanda, bu prosesin uğuru qanunların icra mexanizmlərinin səmərəliliyindən və dövlət qurumları ilə özəl sektorun əməkdaşlığından birbaşa asılıdır.
Parlamentdə qəbul olunan islahatlar uzunmüddətli sosial və iqtisadi inkişafı nə dərəcədə təmin edə bilər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını cavablayan deputat Fazil Mustafa deyib ki, parlamentdə qəbul olunan qanunlar islahatların aparılması üçün çox önəmli bir mənbə və stimul rolunu oynayır:
"Lakin parlament özü bu prosesə nəzarət etmir - bu, daha çox icra hakimiyyətinin funksiyasıdır. Qəbul etdiyimiz qanunların mükəmməl icrası təmin olunduqda islahatların nəticələri də müsbət olur. Əks halda müəyyən problemlər ortaya çıxır".

Fazil Mustafa: Bu istiqamətdə böyük uğurlar qazanmaq mümkündür
Onun sözlərinə görə, bu səbəbdən qanunvericilik fəaliyyəti mütləq şəkildə effektiv və mükəmməl icra ilə tamamlanmalıdır ki, real nəticələr əldə olunsun:
"Qanunverici orqanın funksiyası dövrün tələblərinə uyğun şəkildə və icra hakimiyyətinin müəyyən etdiyi istiqamətlər çərçivəsində qanunlar qəbul etmək, zərurət yarandıqda isə həmin qanunlara əlavə və dəyişikliklər etməklə onları təkmilləşdirməkdir".
Həmsöhbətimiz onu da deyib ki, bundan sonrakı mərhələ icra mexanizminin düzgün və nəticəyönümlü fəaliyyəti ilə bağlıdır:
"Əgər bu fəaliyyət lazımi səviyyədə olsa və məmurlar öz vəzifələrini düzgün şəkildə yerinə yetirsələr, bu istiqamətdə böyük uğurlar qazanmaq mümkündür".
Əli Hüseynov
Bakı 




