• Bakı 24° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

Azərbaycan və Türkiyə Ali məhkəmələri arasında müzakirələr aparılıb

    SİYASƏT

    07 Iyul 2025 | 16:25

    Azərbaycan və Türkiyə Ali məhkəmələri arasında müzakirələr aparılıb

    İyulun 7-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Ali Məhkəməsinin (Yargıtay) sədr müavini Adem Albayrak və 2-ci Hüquq Dairəsinin üzvləri ilə Azərbaycan Respublikasının Ali Məhkəməsində görüş keçirilib.

    Bu barədə Bakıvaxtı.az-a Ali Məhkəmədən məlumat verilib.

    Qeyd olunub ki, görüşdə çıxış edən Ali Məhkəmənin sədri İnam Kərimov qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi, məhkəmə sahəsində də əlaqələrin inkişaf etdiyi vurğulanıb. Vurğulanıb ki, məhkəmə sistemlərinin təcrübə mübadiləsi hüquqi islahatlara töhfə verir, məhkəmə fəaliyyətinin səmərəliliyini daha da artırır.

    Həmçinin məhkəmələrdə vətəndaşların hüquqlarının müdafiəsi, müasir idarəçilik və ədalət mühakiməsinin şəffaf təşkili sahəsində qarşılıqlı təcrübənin öyrənilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

    Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edən Adem Albayrak isə bildirib ki, Azərbaycan və Türkiyə arasında münasibətlər yalnız siyasi və mədəni sahədə deyil, hüquqi əməkdaşlıq baxımından da strateji əhəmiyyət daşıyır. Vurğulanıb ki, son illərdə məhkəmə-hüquq islahatları çərçivəsində Azərbaycanın əldə etdiyi uğurlar diqqətəlayiqdir və bu sahədə Türkiyənin də dəstəyi və təcrübəsi hər zaman açıqdır. Bu cür görüşlərin hüquqşünaslar arasında birbaşa əlaqələrin qurulmasına şərait yaratdığı xüsusi qeyd edilib.

    Daha sonra “Mənəvi zərərin ödənilməsi barədə Türkiyə qanunvericiliyinin tətbiqi üzrə məhkəmə təcrübəsinin öyrənilməsi” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirdə hər iki ölkədən olan hüquqşünas və hakimlər arasında fikir mübadiləsi aparılıb, konkret məhkəmə presedentləri üzərində təhlillər verilib. Müzakirələr zamanı mənəvi zərərin qiymətləndirilməsi, kompensasiyanın miqdarı, hüquqi əsaslandırmalar və ictimai ədalət prinsipləri baxımından yanaşmalar müqayisə edilib.

    Tədbirin sonunda tərəflər belə görüşlərin davam etdirilməsinin vacibliyini vurğulayıb və qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində konkret təşəbbüslərin hazırlanması barədə razılığa gəliblər.


    SON XƏBƏRLƏR